Bia.Az

"ƏLCƏZAİR XALQINA QARŞI MİSLİ GÖRÜNMƏMİŞ QƏDDARLIQLA..." - Prezidentdən anlamlı mesaj + FOTOLAR (Yenilənib)

Gündəm
 1-11-2022, 21:39     288

"Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur".

Bu sözləri Əlcəzairdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Milli Mücahidlər Muzeyinin xatirə kitabına yazıb.
Prezident qeyd edib ki, Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.
Prezident İlham Əliyev vurğulayıb ki, Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”.

Dövlət başçısının sözlərinə görə, amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunub: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”.
Qeyd edək ki, 5 iyul 1982-ci ildə Əlcəzair Prezidenti Əş-Şazli bin Cədid tərəfindən açılışı olan muzey xalqın mübarizəsini əbədiləşdirmək məqsədilə tikilib. Müstəmləkəçiliyə qarşı mübarizənin əşyalarını və xatirələrini toplamaq, qorumaq və nümayiş etdirmək əsas məqsədlərdən biridir.
Kolleksiyanın böyük hissəsini Fransa işğalına (1830-1962) qarşı Əlcəzair xalqının azadlıq mübarizəsini əks etdirən silahlar, döyüş əşyaları, arxiv sənədləri, fotoşəkillər, hesabatlar və s. təşkil edir. Muzeydə manikenlərlə səhnələşdirilmiş hadisələr fransızların Əlcəzair xalqına qarşı törətdiyi müharibə və insanlıq əleyhinə cinayətləri təcəssüm etdirir.
Muzey Əlcəzair körfəzinə baxan strateji Hamma yaylasında ucaldılmış Şəhidlər Abidəsinin (Makam el Chahid - bir hektar ərazidə yerləşir, yuxarı və aşağı hissədən ibarətdir) altında yaradılıb və dörd hissədən ibarətdir. Xalq Müqaviməti (1830-1919), Müstəmləkəçilik siyasəti, Milli Hərəkat (1919-1954) və Azadlıq Müharibəsi (1954-1962) ayrı-ayrılıqda təqdim olunur.
Muzeyin aşağı mərtəbəsi günbəzli ziyarətgahdır, divarlarına Quran ayələri həkk olunub.
Azadlıq və şərəf uğrunda mübarizəyə dair açıq kitab adlandırılan muzeydə fotolar xronoloji ardıcıllıqla nümayiş etdirilir və cari ilin 6 ayı ərzində 140 min ziyarətçisi olub.
Ənənəyə görə muzeyi ziyarət edən rəsmi şəxslər muzeyə hədiyyə təqdim edir və həmin hədiyyə sonradan muzeydə xüsusi yaradılmış guşədə nümayiş etdirilir. Muzey rəhbərliyi də öz növbəsində rəsmi qonağa hədiyyə (adətən kitab və Əlcəzair bayrağının rənglərində şərf) təqdim edir.
Rəsmi qonaqlar muzeydə qoyulmuş kitaba ürək sözlərini yazırlar (ərəb, fransız və ya ingilis dilində).
***
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Qeyd edək ki, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsi ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılıb. Abidənin hündürlüyü 92 metrdir.

Milli Mücahidlər Muzeyi ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, Şəhidlər abidəsinin altında yerləşən və 1984-cü ildə açılmış muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və 1830-1962-ci illərdə Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mücahidlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, fotoşəkillər və sənədlər, həmçinin müqavimət dövründə fransızların xalq hərəkatı iştirakçılarını cəzalandırmaq üçün istifadə etdikləri edam alətləri nümayiş olunur. Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır.
Muzeydə xalq hərəkatının 7 mindən çox iştirakçısının şahid ifadələri toplanıb.
Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insanı amansızcasına qətlə yetiriblər. Buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə 10 milyona yaxın əlcəzairli Fransanın müstəmləkəçilik dövrünün qurbanı olub.
Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Belə ki, əgər başqa ərazilərin müstəmləkə olduğu qəbul edilirdisə, Əlcəzair Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev muzeyin xatirə kitabına aşağıdakı ürək sözlərini yazdı: “Əlcəzair Xalq Demokratik Respublikasına ilk dəfə səfərə gəlməkdən və qardaş Əlcəzair xalqına dərin ehtiramımın ifadəsi olaraq Milli Mücahidlər Muzeyini ziyarət etməkdən şərəf hissi duyuram.
Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir. Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur.
Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.
Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram”.
Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.
























скачать dle 12.1