Bia.Az

“MƏDƏNİ YAZIÇI”YA “MƏDƏNİYYƏTSİZ SUAL” – “Soğan yeməmisən, için niyə göynəyir?”...

Gündəm
 27-10-2022, 16:51     235

Uzun illər Azərbaycan cəmiyyətinin, onun elita, ziyalı sayılan kəsiminin mənəvi topallığını, böyük ölçüdə prinsipsiz zümrəyə çevrilməsini müxtəlif səbəblərlə izah etmişik. Bu səbəblərin başında Qarabağdakı məğlubiyyətimizi, qürurumuzun tapdanmasını, əzilmiş, yenilmiş, ləkələnmiş millət sindromu yaşamağımızı göstərmişik.

Lakin iki il öncə Qarabağda möhtəşəm qələbə qazandıq, bu ləkəni üzərimizdən götürdük. Ancaq belə görünür ki, bu da nə cəmiyyəti, nə onun ziyalısını, məmurunu, şairini, yazıçısını, alimini – bir sözlə, bu “qozbeli” düzəltmədi ki, düzəltmədi!
Məsələn, Yazıçılar Birliyinin katibi, tanınmış detektiv ustası Çingiz Abdullayevin gənc jurnalistin ayaqüstü sualına Azərbaycan dilinin qolu-qıçı sındırılmış, sınıq-salxaq “ləhcəsində” “utanmırsan, ölmürsən” sözlərilə verdiyi cavab və Mətbuat Şurası başçısının yazıçıya haqq qazandıraraq, “əcəb edib” tərzində münasibəti də göstərdi ki, doğrudan da heç nə dəyişməyib, heç bir qurultay, qərar, sərəncam və hətta savaş da bunlara təsir etmir - yenə həmin adlar, həmin simalar, həmin davranışlar, həmin əhvalatlar, həmin təfəkkür, həmin rəzalət...
Əslində isə heç kim Çingiz Abdullayevdən ata-babasından qalan var-dövlətin, yaxud kitab satışından əldə etdiyi qazancın, yaxud da hansısa başqa gəlirlərinin hesabını sormayıb. Dövlətin, xalqın pulunu soruşublar ki, ay mənim ziyalım, ay yazıçım, ay intelligentim, yüzminlərlə manat (Sualda 203 min rəqəmi səslənsə də, əslində dövlət büdcəsindən 403 min manat xərclənib-müəll.) belə mənasız tədbir üçün çox deyilmi? Ola bilər, sual vermək tərzi Çingiz bəyin istədiyi qədər yumşaq, nəzakətli, incə olmayıb. Əlbəttə, Çingiz müəllim özü daha nəzakətlidir – necə ki, jurnalistli gülə-gülə, “nəzakətli” şəkildə təhqir etdi. Adama deyərlər, siz necə yazıçısınızsa, o da elə o cür jurnalistdir...
Normalda mədəni, ziyalı, təmkinli adam həmin gəncin sualına sadəcə cavab verərdi ki, ”bu tədbirə xərclənən hər qəpiyin hesabatını verməyə hazırıq”. Vəssalam!
İndi isə Abdullayev öz yöndəmsiz və yersiz cavabı ilə elə vəziyyət yaratdı ki, doğrudan da artıq hər kəsi yazıçıların qurultayına xərclənən pulun hesabatı maraqlandırır. Əslində, özünə hörmət edən qurum və Abdullayev də daxil olmaqla onun başında duranlar çəkilən xərclərin hesabatını açıq şəkildə dərc edər və etməlidir də. Əgər özlərinə hörmət edir və sözügedən jurnalistin sualını təhqir hesab edirlərsə, dərc etsinlər! 


Tutaq ki, bu sualı heç jurnalist yox, adi sıravi vətəndaş verib – bacardığı, savadı, mədəniyyəti çatan formada. Bu, əsas verirmi ki, özünü fəxrlə “xalq yazıçısı” adlandıran adam ona mətbəxdə qaynana gəlinə qışqırırmış kimi, “utanmırsan, ölmürsən” deyə cavab versin? Hələ sonra da desin ki, əcəb etmişəm, “sözümün üstündə dururam”. Elə bu səviyyəsinə görədir ki, həmin gənc Ç.Abdullayevə Xalq yazıçısı, ziyalı kimi yox, bir əli dövlətin cibində olan adi məmur kimi baxır. Ona görə verdiyi sual da yeyib-şişən məmura veriləcək sualdır və bunun da günahı təkcə sualı verəndə yox, həm də sualın ünvanlandığı insandadır...
Əlbəttə, Abdullayev özünü bu suala layiq bilməyə bilər. Yəqin ki, maddi imkanı yüksək olan bu yazıçının qurultayın təşkilindən “pul qırmağa” ehtiyacı yoxdur və heç kim də onu korrupsiyada ittiham edə bilməz. Ancaq bu qurumun hesabatı, maliyyə məsələləri onun qələminin altından keçirsə, zəhmət çəkib cavab verməyə borcludur. Vəzifəsi bunu tələb edir. Həmin jurnalist isə Abdullayevin dediyi qədər mədəniyyətsiz və “niyə ölmürsən” deməyə layiq birisi olsaydı, qayıdıb bu yazıçıya “soğan yeməmisən, için niyə göynəyir” deyərdi”...
Yaxşı, əgər adını ziyalı qoyduğumuz yazıçı belə hesabat verməyi özünə ar bilirsə, təhqir hesab edirsə, bu dövlətin deputatından, məmurundan, nazirindən, bankirindən, inhisarçısından, bir sözlə, yüksək məqam və imkan sahiblərindən nə soruşasan, nə hesabat istəyəsən? Daha bu ziyalının tipik Abid Şərifov nümunəsindən nə fərqi oldu? Yazıçı əda ilə 200 minin hesabatını verməyi özünə yaraşdırmırsa, məmurdan 200 milyonun hesabını necə soraq?
Mətbuat Şurası başçısının bu hadisəyə münasibəti isə ayrı bir söhbətin mövzusu və başqa bir bəlanın göstəricisidir. Bu, ən azından onun göstəricisidir ki, Azərbaycan mətbuatı, jurnalistlər bu ölkənin ən sahibsiz, yiyəsiz, müdafiəsiz zümrəsinə çevrilməkdədir. Mətbuat Şurası isə hətta Yazıçılar Birliyindən də geri qalıb...

Cəlal Məmmədov
“AzPolitika.info”скачать dle 12.1