Bia.Az

“Clear” hoteldə NƏLƏR BAŞ VERİR - Burada əməlli-başlı "qumar" da gedir...

Fakt
 19-10-2022, 15:58     325

"Bakıda hotel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.Bu gün paytaxtda yerləşən hotel, sauna və ailəvi istirahət mərkəzlərinin yetərli hissəsi əxlaqsızlıq yuvasına çevrilib. Bununla bağlı yerli mediada yazılan iddialara görə əxlaqsız əməllərin intensiv xarakter aldığı hotellərdən biri də Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış massivi 108 ünvanında yerləşən “Clear” hoteldir. Rəsmi məlumatlarda bildirilir ki, “Clear” hotel Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dord ulduz kateqoriyası və muvafiq icazə sənədi – lisenziya verilib. Amma buna baxmayaraq “Clear” hotelın adı mətbuatda davamlı olaraq əxlaqsızlıq yuvası olaraq keçib."

BİA.az-ın elektron ünvanına göndərilən məqalədə bildirilir ki, haqqında bəhs edilən otelin sahibləri Fikrət və Fəxrəddin Feyziyev qardaşlarıdır. Bu qardaşlar neçə illərdir ki, otel və digər biznes işləri ilə məşğuldurlar. Bu iki qardaşla bağlı olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ilginc iddialara rast gəldik. Rəsmən təkzib olunmayan bu iddialara görə, Fikrət və Fəxrəddin Feyziyev qardaşları hələ 90-cı illərdə yaranmış vəziyyətdən əlverişli şəkildə istifadə edərək İrana qırmızı civə satışını təşkil etməyə başlayıblar. Bir xeyli müddət qeyd olunan bizneslə məşğul olan qardaşlar, nəhayət, 2000-ci illərin əvvəllərində MTN-in diqqət mərkəzinə düşürlər. Namiq Abbasovun ( o zaman MTN-nin rəhbəriydi-red) göstərişi əsasında adları çəkilən qardaşlarla bağlı əməliyyat keçirilir və onlar həbs olunurlar. Ancaq qardaşlar müəmmalı şəkildə MTN-in təcridxanasından çıxmağa nail olurlar. Deyilənə görə, o zaman qardaşların həbsdən azad olmasına ləğv edilmiş Xüsusi İdarənin rəisi Elman Qəmbərov şərait yaradır.

Məlumatlara görə, Fikrət Feyziyevin əldə etdiyi milyonlar onun oğlanları Elvin və İslam Feyziyevlərin də lüks həyat yaşamasına rəvac verib. Belə ki, oğul Feyziyevlərin bütün günü istirahətdə, kef məclislərində keçir və onlar bahalı maşın kolleksiyasına sahibdirlər. Bura 99 BB 005 nömrəli «Mercedes Galenvagen», 90 FX 090 nömrəli «Mercedes» Galenvagen», «Rolls Royce», 90 AD 090 dövlət nömrə nişanlı «Mercedes Galenvagen», 99 DD 005 nömrəli «Lexus 570», 10 OB 002 nömrəli son model «Mercedes S Klass» daxildir. «İnstagram»dakı şəkillərdən görünür ki, oğul Feyziyevlər heç vaxt ucuz yerdə oturmurlar və onlar bahalı məkanlarda atalarının pullarını ürəkləri istəyən şəkildə xərcləyirlər.

Sözügedən obyekt və onun sahibi haqda səslənən iddialardan biri də düşmən dövlətlə bağlıdır. Media üzərindən apardığımız araşdırmalar zamanı belə bir məlumata rast gəldik ki, Bakı 2015 Avropa Oyunları zamanı xarici qonaqlara təqdim etmək üçün Bakıya İrandan və Gürcüstandan erməni əsilli qədim peşə sahibləri gətirilib. Gətirilən xanımların içində erməni əsilli qədim peşə sahiblərinin əksəriyyət təşkil etdiyi bildirilir. Xüsusən İrandan olan qadınların böyük əksəriyyətinin erməni qızları olduğu qeyd olunur. Həmçinin, iddia olunur ki, “Clear” hotelin sahibi olaraq bilinən Fəxrəddin və Fikrət adlı qardaşlar Ermənistanın Yenokavan rayonunda fəaliyyət göstərən İstirahət Mərkəzinin şərikli sahibidirlər. Belə ki, həmin İstirahət Mərkəzinin payçı sahiblərinin Turkiyə, Ermənistan, Gurcustan, Rusiya və Azərbaycandan olan iş adamlarından ibarət olduğu qeyd olunur. Həmin İstirahət Mərkəzinin qarşısında isə bu ölkələrin bayraqları dalğalanır. Və demək olar ki, Ermənistanda Azərbaycan bayrağının dalğalandığı yegənə məkandır.

Məqalədə qeyd olunur ki, iş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri “Clear” hotelin həyəti maşınlarla dolu olur: "Əlbəttə, həmin obyekt sahibləri harasa, kiməsə “haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdikləri obyektə dəyib, toxanan yoxdur. Yada ki, dövlətin müəyyən qatında yüksək vəzifəli kimsə onlara "krişa"lıq edir. Ona görə də polis həmin obyekti “vura” bilmir. “Clear” hoteldə açıq-aşkar insan alveri ilə məşğul olurlar. Hətta burada əməlli-başlı "qumar" gedir.  Bunun şahidi olmaq üçün bura giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, bu obyektdə nə hoqqalardan çıxırlar."

Daha sonra məqalədə bildirilir ki, burda müntəzəm olaraq vergidən yayınılır, bəzi işcilər ilə əmək müqaviləsi belə baglanılmır: 
"Niyə Vergilər idarəsi bu obyekt haqqında ciddi tədbir görmür. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur. 

Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun."

Obyektin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı.

BİA.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1