Bia.Az

Yol polisinin “ərəbzəngilik edən” Rüstəmi...

Fakt
 7-10-2022, 14:08     385

Xatırladaq ki, iki il bundan əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının xüsusi tağımının xidməti ərazisində hadisə baş vermişdi. Belə ki, Binəqədi rayonu ərazisində sürücü öz həyətində avtomobilin təkərini dəyişən zaman qaldırıcı qurğu onun əlinə düşərək barmağını qoparmışdı. Dostunun maşını ilə xəstəxanaya gedən zaman onlar Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında dayanaraq yol polislərindən kömək istəyiblər. Həyəcanlı olduğu üçün avtomobilini sürə bilmədiyini deyən şəxs yaralını aparmağı xahiş edibdi. 99 YP 740 dövlət nömrə nişanlı, YPX avtomobilində xidmət aparan xüsusi tağımın əməkdaşları polis leytenantı Sənan Məmmədov və polis kapitanı Arif Şükürov dərhal müdaxilə edərək, yaralını Abşeron rayon Təcili Tibbi Yardım Mərkəzinə çatdırıblar. İlkin tibbi yardım göstərildikdən sonra patrul maşını ilə Travmatologiya mərkəzinə aparılan şəxs əməliyyat olunaraq tam sağalmışdı.

Bu hadisəni ona görə xatırlatdıq ki, xeyirxah iş görən YPX əməkdaşlarının elə həmin avtomobildə xidmət aparan İsmayılov Rüstəm Elşad oğlu adlı iş yoldaşları onların əksinə olaraq vətəndaşın başına oyun açıbdır. Aktualxeber.az-a müraciət edən Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsi ev 30 mənzil 3-də yaşayan Əsgərov Məhərrəm Abasət oğlu qeyd edir ki, 20.08.2022-ci il tarixdə özünə məxsus 10 SN 047 dövlət qeydiyyyat nişanlı avtomobili ilə Sulutəpə dairəsi deyilən istiqamətdə hərəkət edərkən, 99 YP 740 nömrəli YPX avtomobili onu saxladıbdı. Rüstəm adlı əməkdaş ona yaxınlaşaraq saxla işarəsinə tabe olmadığını, əraziyə PPX əməkdaşlarını dəvət edəcəyini, məhkəməyə göndərərək onu 15 sutka həbs etdirə biləcəyi ilə hədələyərək nalayiq ifadələrlə təhqir edibdi. “Mən və yanımda olan qohumum ona əgər qayda pozuntusu varsa cərimə yazmasını bildirdik. Cavabında yenə təhqirə keçən YPX əməkdaşı “göndərəcəm məhkəməyə 10.000 manat verib canını qurtararsan”, deyə məni olmayan günahıma görə rüşvət verməyə belə təhrik etdi. Uzun söhbətdən sonra 2.000 manat müqabilində mənə kömək edə biləcəyini bildirən Rüstəm bəy sonda 400 manat alaraq mənim sənədlərimi qaytardı. Güya bu pulun qəbzini verəcəyini bildirsə də mənə heç nə təqdim etmədi. Həmin gün dəfn mərasiminə tələsdiyim üçün gözləyib aydınlaşdıra da bilmədim. Bir müddət sonra mən ora gedib haqqımı tələb edəndə Rüstəm mənə 60 yaşım olduğuna görə hörmət etdiyini, yoxsa həmin gün həbs etdirəcəyini bildirərək yenə mənə heç bir protokol və qəbz təqdim etmədi”, deyə vətəndaş onun pozulmuş hüquqlarının bərpa olunmasını və günahkarların da cəzalandırılmasını xahiş edir.

Ümidvarıq ki, əlaqədar qurumlar tezliklə bu xoşagəlməz hadisəni aydınlaşdıracaq və günahkarları da cəzalandıracaqdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.

BİA.az
скачать dle 12.1