Bia.Az

"Sara Qrup»" QSC-nin işçilərindən QOÇULUQ - TƏFƏRRÜAT

Fakt
 30-08-2022, 12:19     233

Qəbələdə gübrə satışı ilə məşğul olan rayon sakini Vüsal Aslanov bu ilin martında gecə saatlarında 3 nəfərin ona hədə-qorxu gələrək işlədiyi anbardan 215 tondan çox məhsul apardıqlarını bildirir.

BİA.AZ xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən V.Aslanov qeyd edib ki, 2020-ci ildən “Buta Tradinq” şirkətində satış mütəxəssisi işləyib. Qəbələdə Soltannuxa kəndində yerləşən mağazada gübrə, dərman və pestisidlərin satışını həyata keçirib: “Gübrələri həm nağd, həm də nisyə satırdıq. 2022-ci il martın 24-də 3 nəfər tanımadığım şəxs “Buta Tradinq” MMC-nin Soltannuxa kəndindəki satış anbarına gəlib anbardar İsgəndər İsgəndərova deyiblər ki, oradakı mallar “Sara Qrup” şirkətinə məxsusdur.

Mən ora çatanda həmin şəxslər anbardakı gübrələrin onlara aid olduğu dedilər. Həmin şəxslər bizə hədə-qorxu gələrək zorla satış məntəqəsində olan 215 850 kq çəkiyə malik 4 317 kisə “ammonium nitrat” gübrəsini qanunsuz olaraq götürüb apardılar.

Növbəti gün, yəni martın 25-də rəhbərim Eltun Allahverdiyev mallarının qaytarılmasını məndən tələb etdi. Mən də "Buta Traidinq" MMC-nin ofisinə gedərək hadisə barədə məlumat verdim. Məlum oldu ki, satış məntəqəsindən malları qanunsuz aparanlar “Sara Group” QSC-nin əməkdaşları Sakit Sadıqov, Orxan Nağıyev və Vasif adlı şəxslər olublar”.

Vüsal Aslanov qeyd edib ki, gübrələrin zorla satış məntəqəsindən aparılması ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə müraciət edib.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirdi ki, Vüsal Aslanov məsələ ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Ancaq qeyd olunan faktla bağlı prokurorluqda əvvəlcədən araşdırma aparıldığı üçün həmin şəxsin də müraciəti aidiyyəti üzrə Qəbələ Rayon Prokurorluğuna göndərilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən isə müraciətimizə əsasən qeyd edildi ki, məsələ ilə bağlı cinayət işi başlanılıb: “16 avqust 2022-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə) maddəsi ilə "Sara Qrup»" QSC-nin müraciəti əsasında vəzifəli şəxs olan anbardar və qeyriləri tərəfindən Cəmiyyət tərəfindən onlara etibar edilmiş özgə əmlakını külli miqdarda talamaları faktı üzrə cinayət işi başlanaraq istintaqı aparılır. Vüsal Aslanov və digər vətəndaşların sözügedən vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə oxşarməzmunlu müraciətləri istintaqın gedişində hüquqi qiymət verilməsi üçün cinayət işinə əlavə edilib”.


BİA.az
скачать dle 12.1