Bia.Az

AMEA rəhbəri hegemonluqdan əl çəkmir

Fakt
 23-08-2022, 11:51     69

AMEA-da baş verən biabırçı hadisələrlə Sizləri silsilə şəklində tanış etməyə davam edirik.

Tayfabazlıq, qohumbazlıq, dayanmadan Ramiz Mehdiyevin kultuna ibadət…daha nələr, nələr. Hələ bu harasıdır, sən demə AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov qanunları da saymır və ya vəzifələri o qədər çoxdur ki, hansıını icra edəcəyini bilmir!
Axı o eyni zamanda AMEA-nın Birinci vitse-prezidenti vəzifəsini icra edir (yəni eyni təşkilatda iki vəzifənin icrası), həmçinin AMEA-nın akademik-katibi və nəhayət, AMEA Fizika İnstitutunun baş direktoru.
Keçək mətləbə.
“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdiriməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli Fərmanının 4-cü bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatlarının və digər qurumlarının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi geniş müzakirə olunmuşdur və artıq Nazirlik verilən tapşırıqlara əsasən bu sahə üzrə intensiv fəaliyyətdədir.
AMEA-nın rəhbərliyi isə keçid dövründən istifadə edərək, öz heğemonluğundan əl çəkmir, qısa zaman kəsiyindən istifadə edərək prosessual pozuntuya yol verir. Və ya “unudur” ki, artıq əksər institutlar AMEA-ya tabe deyil, Arif Həşimovun özünün rəhbərlik etdiyi institut da daxil olmaqla…
AMEA-ya müvəqqəti rəhbərlik edən Arif Həşimov “AMEA-da doktorantura və dissertanturaya qəbul imtahanlarının keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli 435 saylı sərəncam imzalayıb. Aydındır ki, bu sərəncamı müvafiq olaraq, AMEA-nın Təhsil şöbəsində hazırlayıblar. Həmin Təhsil şöbəsində ki, müdiri cəmiyyətdə saxta “elmlər doktorluğu” ilə məşhurdur. Sevindirici haldır ki, heç olmasa bu sənəddə onun real statusu göstərilmişdir, halbuki AMEA-nın saytında və digər yerlərdə yalandan “fəlsəfə elmləri doktoru” elmi dərəcəsi yazılmaqdadır. Həmin şöbədə ki, AMEA-nın magistrantlarına özü bakalavr olan “müəllim” Aynur Məhərrəmovanın dərs deməsini dəstəkləyir.
Sərəncamının başlığına diqqət yetirək “AMEA-da doktorantura və dissertanturaya qəbul imtahanlarının keçirilməsi haqqında”. Maraqlıdır, AMEA-nın hansı təşkilatlarında? Bu sərəncamın artıq AMEA-ya aidiyyatı olmayan və AMEA-ya tabe olmayan institutlara göndərilməsi nəyi göstərir? Səriştəsizlik və ya saymamazlıq?
Sərəncamın 1-ci bəndinə əsasən, AMEA-da doktorantura və dissertanturaya qəbul imtahanlarının müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək üçün AMEA-da fəlsəfə fənni üzrə doktoranturaya qəbul imtahanının keçirilməsini təşkil etmək məqsədilə komissiya yaradılır və çox maraqlı tərkibdə – 8 üzvdən yalnız 3-ü fəlsəfəçi-alim (İlham Məmmədzadə, Füzuli Qurbanov, Ziba Ağayeva), digərləri isə – Ələddin Məlikov Təhsil şöbəsinin müdiri olduğundan inzibati vəzifəsinə görə bu fəlsəfəçilərə aid deyil, AMEA Hüquq şəbəsinin müdiri Kamal Əliyev, AMEA-nın akademik-katibinin xidmətinin elmi katibi Sərxan Xavəri və akademiklər İradə Hüseynova (sədr) və İsa Həbibbəyli (üzv)… bunlardan hansının fəlsəfəyə aidiyyatı var?
Çalışaq bu təşəbbüsə haqq qazandıraq. Gənclərin işləri ləngiməsin deyə, imtahanları tez keçirmək niyyətini bəlkə də dəstəkləmək olardı.
O halda ən azı hörmət əlaməti kimi Elm və Təhsil Nazirliyinin nümayəndələri də komissiyaya daxil edilməli idi. Bəlkə burada başqa bir məqsəd var? Məsələn, məlumdur ki, keçən ilin qəbulu zamanı o vaxt AMEA-nın yalnız akademik-katibi olan Arif Həşimov DİM-dən sertifikatı və özü qeydiyyatdan keçməyən şəxsi digər mərhələlərə buraxdlraraq, öz institutunun doktoranturasına qəbul etmişdir.
Bəlkə bu tələsik qəbul olunan sərəncamda Elm və Təhsil Nazirliyinin nümayəndələrinin olmamasının səbəbi bu il də daha yüksək vəzifədə olmasından sui-istifadə edərək kimlərisə yenidən 1-ci mərhələni keçmədən qəbul etməkdir?! Keçən il AMEA Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri Tubuxanım Qasımzadənin bu məsələni qabardaraq qarşısını almaq cəhdi Arif Həşimov tərəfindən xüsusi amansızlıqla cəzalandırıldı. T.Qasımadə qanun pozuntusuna yol verməmək cəhdinə görə cəzalandırılaraq müqaviləsi bitən günü “kobudluqda” şərlənməklə müqaviləsinin uzadılmasından imtina edildi. Bəlkə məhz bu ilki qəbul imtahanlarında iştirak etməməsi üçün T.Qasımzadə işdən uzaqlaşdırılır?!! AMEA artıq elm ocağını deyil, Braziliya seriallarını xatırladır.
Nəhayət, sərəncamın 2-ci bəndində daha maraqlı bir məqam fəlsəfə və ixtisas fənləri üzrə qəbul imtahanlarının 6-7-8 sentyabr 2022-ci il tarixlərində keçirilməsidir. Yəni AMEA-da yaradılmış komissiya 3 gün ərzində 35 institutun iddiaçılarını fəlsəfə üzrə imtahandan keçirəcək, qabaqcadan əmindirlər ki, hamı keçəcək və növbəti ixtisas imtahanına bıraxılacaq və qalan 2 gün ərzində bütün (AMEA aid olmayan!!!) institutlarda da ixtisas imtahanları keçiriləcək? Alimlərimiz artıq uzagörənliklə də məşğuldurlar? Yəqin çalışacaqlar ki, bu məsələni “texniki qüsur” kimi qələmə versinlər. Heç də təəcüblü olmaz…
Sərəncamın digər bəndlərinə heç keçmirik, onsuz da hər şey bəllidir. Çünki 7-ci bəndə əsasən, sərəncamın icrasına nəzarəti Arif Həşimov artıq öz üzərinə götürür, hər nə olsa da, artıq yola veriləcək, axı bura AMEA-dır! Bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə çox dərin şübhə yaranır. Buradan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə üz tutaraq bu məsələyə diqqət yetirmək və özünə aid olan institutlarda yuxarıda göstərilən imtahanlara nəzarət olunmasını rica edirik…
DOSYE.ORG

скачать dle 12.1