Bia.Az

Şəmkirdə sahibkarın başına belə oyun açırlar - Prezidentə müraciət olundu

Fakt
 27-07-2022, 12:23     274

Ölkədə məmur özbaşınalığından, haqq-ədalətin tapdanmasından yüzlərlə, minlərlə insan əziyyət çəkir, ruhi sarsıntı keçirir. Onların mənəvi, maddi durumlarına ciddi zərbə vurulur. İtirdiklərini qaytarmaq istəyəndə isə, müəyyən təzyiqlərə məruz qalırlar. Ona görə ki, bəzi harınlamış məmurlar yazılmış qanunları öz məkrli məqsədlərinə uyğun “fırladırlar”.

Belə “qanun fırlatmalar”la rastlaşan “Şəmkir Şampan Şərabları” ASC-nin Müşahidə Şurasının sədri İbrahimov Hafiz Məmməd oğlu “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, eləcə də digər müvafiq qurumların rəhbərlərinə müraciət edib. İş adamının şikayət ərizəsini olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Hörmətli Mehriban xanım!

Çoxsaylı səhmdar şikayətçilər adından növbəti dəfə Sizə müraciət etməyə məcbur oldum. Çünki Sizin adınıza ünvanladığımız şikayətlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin rəisi cənab Fəxri Səfərov əsassız və qanunsuz cavab verib. Belə ki, o, Şəmkir şəhərində yerləşən müəssisəmizin qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətimizə imtina cavabı yazıb.

Apardıqları araşdırma zamanı məlum olmuşdur ki, 2005-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşməni düzgün aparmamış və 289 nəfər səhmdarı olan müəssisəni aldatmışdır(?). Və müəssisəmizin yenidən qeydiyyata alınmasını, yəni reyestrdən çıxarış verilməsini mümkünsüz saymışdır.

Müəssisəmiz uzun illər fəaliyyətsiz olmuş, hazırda fəaliyyətə başlanması üçün potensial imkanlar yaranmış, xarici və yerli investisiyaların qoyuluşu marağı-astanasındadır. Məmurların süni yaratdıqları maneələr, müştərək səmhdarlarla işbirliyimizə imkan vermir.

Cənab Prezident!

Yazdıqlarımızı nəzərə alaraq, Sizdən şikayətimə obyektiv baxılması üçün tədbir görülməsi üçün aidiyyati orqan və şəxslərə göstəriş verməyinizi xahiş edirəm. Sizin insanpərvərliyinizə, Azərbaycan xalqının hər bir vətəndaşının sosial-müdafiəsinin qeydinə qalmağınıza güvənir və böyük hörmətlə yanaşıram. Ümid edirəm ki, müəssisənin səhmdarlarının ümidini qırmayacaqsınız.

Əvvəlcədən sizə müəssisənin 289 nəfər səhmdarı və öz adımdan minnətdarlığımı bildirirəm”.

Bəhlul ORUCOĞLU,
Araşdırmaçı-jurnalist

Müəllifdən: Bölgələrdə haqqı tapdalanan insanlar şikayətə başlayanda ikiüzlü siyasət yeridən məmurların “ötür-ötür oyunu” başlayır. Necə ki, futbolda oyunçular bir-birinə “pas” (top) ötürən kimi. Hafiz İbrahimovun şikayəti ilə əlaqədar aidiyyəti orqanlar və rəsmi şəxslər araşdırma apardığı bir vaxtda onun obyektinin ərazisində tikinti, qazıntı işləri aparılır və ağaclar kəsilir. Bu vəziyyəti, qanunsuzluğu kim yaradır və nə məqsədlə?! Araşdırmamız davam edəcək.
“Hürriyyət”
скачать dle 12.1