Bia.Az

Özünüməşğulluq proqramı deyil, biabırçılıqdır… – NARAZILIQ!

Fakt
 27-08-2021, 01:22     342

Sabirabadın Qaraqaşlı kəndinin sakini Qalib Abbasovun şikayəti var. Deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına müraciət edib, aylarla təlimlərdə iştirak edib, biznes plan yazıb, sonu yaxşı olmayıb:

“Əslində qoyun istəyirdim. Dedilər: “Neynirsən qoyunu, gül kimi plan yazmısan. Gəl sənə keçi verək, yaxşı da pendiri olur. Həm südünü, həm pendirini sat, həm də keçi çox ot və xərc də aparmır, buraxacaqsan otlayacaq, asan yola verilən heyvandır”. Beləcə məni yola gətirdilər, razılaşdım. 20 baş heyvan verdilər. Di gəl ki, həmin gündən zülmə düşdüm”.

Qalib Abbasov deyir ki, dövlətin ona yaşayışını düzəltmək üçün verdiyi keçilər onun həyatını daha da çətinləşdirib:

“Gəldikləri ilk gündən xəstədilər. İynə-dərmanla saxladıq. Ölən öldü, qalan xəstə, artım normal getmədi. Bir tərəfdən də satmaq olmaz. Xəstə heyvanın südündən, pendirindən nə olacaq. Əziyyəti də mənə qaldı. Otarmaq, ot, dərman almaq, baytara xərclənən pullar və s. Halbuki proqrama müraciət edəndə belə düşünməmişdim. Fikirləşirdim ki, kasıb adamam, kəndçiyəm, dolanışığım olacaq. Ancaq inamımdan, saflığımdan istifadə edib, başıma oyun açdılar”.

Şikayətçi bildirir ki, ilk gündə ona verilən heyvanlar qoca, xəstə, yararsız olub. Daha öncə keçi saxlamadığı üçün də bilməyib. Yalnız evə gətirəndən bir müddət sonra heyvanların xəstə olduğunun fərqinə varıb:

“Qaldım pis vəziyyətə. Bütün aidiyyəti qurumlara da şikayət etdim. Birinci şikayətlərə yerli icra hakimiyyətindən başladım. Sonra yavaş-yavaş daha yuxarılara qədər getdim. Veclərinə almırlar, alsalar, işimi bilər, sakitləşərəm. Məşğulluğun Sabirabad bölməsindən tutmuş, Salyan regional şöbəsinə qədər hamıya yazmışam, bir-iki dəfə gəlib baxıblar da. Ancaq bir xeyri olmayıb. Hələ bir dəfə baxıb dedilər ki, hə, düz deyirsən, bu heyvanlar yararsızdır. Axırda Sahil Babayevə yazdım, sonra da Prezidentə. Artıq heç yerə yazmıram, bezmişəm”.

Qalib Abbasov bildirir ki, öhdəsində böyük bir ailəsi var. Nənəsi, anası, atası, uşaqları:

“40 yaşım var, dərdim 40-dan çoxdur. Bunların etdiklərini düşmən düşmənə etməz. Dolanmaq bir yana dursun, ziyanın içindəyəm. Üstəlik, şərt kəsmişdilər ki, heyvanları 2 il müddətinə satmaq da olmaz. Guya elə baha qiymətləri var? Heç birini 30 manata götürməzlər. Fəhlə gedib 2-3 yük daşıyır, 30 manat alır. Mən bu 30 manatlıq heyvanlardan ötrü əsir-yesir qalmışam. Atama, qardaşıma yalvarıram ki, bunları otarsın. Baş ağrısından başqa bir şey deyil”.

Qalib Abbasov hazırda ailəsini, yaşamını taksi sürməklə təmin edir. Deyir, səhərdən axşama işləyəndə günlük 20-30 manatı olur. Onunla da bilmir ailəsinə baxsın, ya heyvanlara:

“Bu, nə proqramdır, bilmirəm. Özünüməşğulluq deyil e, biabırçılıqdır. Təsəvvür edin, keçilərdən yoldaşıma, uşaqlarıma qotur xəstəliyi keçmişdi. Nə qədər pul xərcləyib onları müalicə etdirdim. İnanın, artıq mən bilmirəm ailəmi dolandırım, yoxsa keçi saxlayım”.

Sabirabad Rayon Məşğulluq Xidmətindən bildirilib ki, proqram çərçivəsində kəndlilərə verilən heyvanların hamısı sağlam və yararlı olub:

“Ola bilsin normal baxa bilməyiblər. Gərək heyvana yaxşı baxasan ki, əvəzini verə. Əgər hər hansı problem varsa, müraciət etsinlər bizə, kömək edərik”.

Ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib:

“Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.\XəbərAl.az\скачать dle 12.1