Bia.Az

“Balaxanıneft” NQÇ-nin əməkdaşları növbəti təxribata hazırlaşırlar?- İLGİNC FAKTLAR

Fakt
 25-03-2021, 16:40     535

28 dekabr 2020-ci il tarixdə “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsinin 2-ci mədən sahəsində, 41 saylı neft quyusundan təqribən 50 metr aralı məsafədə Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olan Ramil Ağakərim oğlu Kərimovun təqribən 15-16 il ərzində ərsəyə gətirdiyi yaşıllıqların, adı çəkilən bu qurumun əməkdaşları tərəfindən məhv edilməsi, sanki kifayət qədər söz-söhbətə səbəb olmuşdu. Düzdür, ilk əvvəl “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları ağır texnikanın vasitəsilə kökündən çıxarılılmış və elektrik mişarı ilə doğranaraq daşınan ağacların məsuliyyətini Ramil Kərimovun boynuna qoymaq, bu şəxsi hansısa formada cəzalandırmaq fikirinə düşsələr də, çox keçmədi ki, əldə olunan video-çəkilişlər onların bu yöndə düzüb-qoşmaq istədikləri planları tamamilə altüst etdi.

 Həyata keçirilmiş video-çəkilişə diqqətlə baxdıqda o da bəlli olur ki, təqribən 15-16 il ərzində ərsəyə gətirilmiş ağaclara qarşı “soyqrım aksiyası”nı “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları həyata keçiriblər. Yəni, belə bir halın varlığı sübuta yetirildiyindən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin  26/kol-072 saylı cavab məktubunda da qeyd olunub ki, “Tərəfimizdən araşdırmalar aparılarkən ərazinin əvvəlki görünüşü ilə sonrakı görünüşünü müqayisə etdik, o halda bəlli oldu ki, ağaclar kök hissəsindən çıxarılaraq məhv olunmuşdur. Təqdim olunan video-görüntülərdən də bəlli olur ki, Balaxanı əməliyyat şirkətinin əməkdaşları ETSN-nin rəyi olmadan və nəzərə almadan, həmin ağacları texnika vasitəsilə kökündən çıxarıb məhv etmişlər. Faktla bağlı Balaxanı əməliyyat şirkəti barəsində protokol tərtib edilərək hüquqi şəxs qismində qərar çıxarılması üçün, toplanmış materiallar aidiyyatı üzrə Sabunçu rayon Məhkəməsinə göndərilmişdir”.

Məsələnin təəccüb doğuran tərəfi ondan ibarətdir ki, 28 dekabr 2020-ci il tarixdə “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsinin əməkdaşları belə bir cinayət əməlinə qol qoysalar da, onlar bu gün də öz ambisiyalarından əl çəkmirlər. Məsələn, 15 mart 2021-ci il tarixdə, saat 10:00 radələrində Ramil Kərimovun anası, hansı ki, ağbirçək yaş həddinə çatan, ağır şəkər xəstəsi olan, insulit iynəsi vurdurmaqla şəkər xəstəliyini müəyyən həddə saxlatdıran Xatirə Səməd qızı Kərimova yaxınlıqdakı mağazadan çorək almağa gedərkən, adı çəkilən idarədə təsərrüfat xidmətinə rəhbərlik edən Vahid Əbdülhəsənov onun qarşısını kəsir və Ramil Kərimovu həbs etdirəcəkləri ilə də hədələyir. O halda Xatirə xanım Kərimova bu şəxsin oğluna qarşı olduqca qərəzli, kin-kudurətli olduğu, müəyyən məqsədlərini həyata keçirmək üçün hər vasitəyə əl atacaqları qənaətinə gəlir və olduqca stress də keçirir. Deməli, “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsi əməkdaşlarının bu şəxsə qarşı bəslədikləri belə bir “düşmən münasibət”in kökündə, yalnız və yalnız adı çəkilən qurum əməkdaşlarının qol qoyduqları qanunsuzluq əməllərinin ictimailəşdirilməsinə RAMİL Kərimovun yaratdığı şəraitin varlığı durur. Odur ki, həmin şəxslər bu cür hədələrlə, müəyyən vasitələrlə təzyiq göstərməklə, məhz öz çirkin əməllərini ört-basdır etmək istəyirlər.

Diqqəti bir məqama da yönəldək ki, Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin “başbiliciləri” qeyd olunan ərazidəki yaşıllıqları məhv etdikdən sonra, qol qoyduqları qanunsuzluq əməllərinə “rəngli don” geydirmək qərarına gəlirlər. Bu məqsədilə ilk əvvəl onlar qeyd olunan əraziyə təqribən 60-80 ədəd ağac şitili əkirlər, bir neçə gün keçdikdən sonra isə əkdikləri ağac ştillərini xəlvəti yolla, yəni gecə saatlarında kökündən çıxarıb aparırlar. Bir-iki gün keçdikdən sonra, bir daha onlar həmin ştilləri bərpa edirlər. O halda sual oluna bilər ki, görəsən bu qədər büdcə vəsaitlərini Balaxanı Neft-Qaz Çıxarma İdarəsi əməkdaşlarının “tarmar etmələri”nə səbəb nədir? “Vətənə bağlılıq, xalqımıza sevgi hissi gəzdiririk” deməklə, bir çox yerlərdə “Ucuz təbliğat”larını aparan, kimlərisə belə bir “Ucuz təbliğat”larının əsaslarına inandırmağa çalışan Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşları, yaxşı olmazdımı ki, həmin vəsaitləri “YAŞAT” Fonduna keçirəydilər? Yəni, həmin vəsaitlər hesabına şəhid ailələrinə, yaralı qazilərimizə müəyyən qədər köməkliklər göstəriləydi? Hansısa maraqlar əsasında əlavə israfçılığa yol verməkdənsə, məhz bu yöndə addım atılsayda, yəqin ki, hər kəs tərəfindən də alqışlanardı.

Bundan əlavə, o halın varlığına da diqqət yetirək ki, bir tərəfdən ölkə rəhbəri hər zaman yaşıllıqların qorunması, bu sahədə əmələ gələn problemlərin aradan qaldırılması və s. istiqamətində lazımi tapşırıqlarını verir, digər tərəfdən isə bir çox vəzifə sahibləri, o cümlədən Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin “başbiliciləri” verilmiş tapşırıqlara məhəl qoymurlar. Bu cür qanunsuzluqlara qol qoyanların atdıqlar addımlar birbaşa cinayət əməli olmaqla bərabər, eyni zamanda ölkə rəhbərinin ətraf mühitlə bağlı vermiş olduğu tapşırıqların saya salınmaması kimi də dəyərləndirilməlidir. Unutmaq olmaz ki, məhrum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən “Bir ağacın kəsilməsi bir qolumun kəsilməsidir” demişdir. Vaxtilə Ulu Öndərin belə bir kəlamı işlətməsi onu söyləməyə əsas verir ki, o, hər zaman ətraf mühitlə bağlı problemlərə xüsusi diqqət göstərmiş və bəlli münasibətini də ortaya qoymuşdur. 28 dekabr 2020-ci il tarixdə “Balaxanıneft” Neft-Qaz Çıxarma idarəsi əməkdaşlarının belə bir cinayət əməlinə qol qoymaları hər kəsdə belə bir ehtimalın formalaşmasına əsas verir ki, deməli həmin şəxslərə 10 noyabr 2005-ci il tarixdən ARDNŞ Prezidenti vəzifəsini icra edən Rövnəq Abdullayev “yaşıl işıq” yandırıb ki, həmin şəxslər bu gün də hər cür “hoqqalar”dan çıxa bilirlər.

P.S. Əməkdaşımızın redaksiyamıza verdiyi məlumatlara görə, Balaxanı Neft-Qaz Çıxarma İdarəsinin cavabdehlik daşıdığı neft buruqlarına yaxın ərazilərdə “şıdırğı tikinti” işləri, bu gün də davam etdirilməkdədir. Yəni, adı çəkilən bu qurumun “Can ver pul yığmağa, vəzifə gəldi-gedərdi” deyə, belə bir devizi var. Yəni, redaksiyamıza təqdim olunan video-çəkilişlərdən görünür ki, son zamanlar qeyd olunan ərazilərdə tikinti işləri daha da geniş vüsət alıb.\araz.az

Mövzunu diqqətdə saxlayacağıq.


BİA.azскачать dle 12.1