“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır

Son günlər paytaxtın müxtəlif ərazilərində lyuklarla bağlı təhlükəli vəziyyətlərin artması ictimai narahatlığa səbəb olub. Belə hallardan biri də Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə qeydə alınıb.
Bizim.Media-ya daxil olan məlumata görə, Rəsul Rza küçəsi 166 ünvanında yerləşən lyuk sakinlər, xüsusilə uşaqlar üçün birbaşa təhlükə mənbəyinə çevrilib.
Məsələ ilə bağlı əməkdaşımız hadisə yerində olub və təhlükənin real olduğu təsdiqlənib. Həqiqətən də, ərazidə hərəkətdə olan insanların, xüsusilə azyaşlı uşaqların həyatına təhlükə yarada biləcək açıq və ya zədələnmiş lyuk mövcuddur.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq. Agentlikdən Bizim.Media-ya verilən açıqlamada bildirildi ki, əraziyə briqada göndərilib və vəziyyətlə bağlı araşdırma aparılır.
Qeyd edək ki, oxşar hallar təkcə bu ünvanda deyil, paytaxtın bir çox küçə və prospektlərində müşahidə olunur.
Mövzunu diqqətdə saxlayacağıq.