Buzovnanın unudulmuş YOLLARI: Naxçıvan küçəsi 16-cı döngədə nə baş verir?

Xəzər rayonunun Buzovna qəsəbəsi paytaxt Bakının qədim və strateji əhəmiyyətə malik yaşayış məntəqələrindən biri olsa da, buradakı bir çox küçələr sanki unudulmuş vəziyyətdədir. Xüsusilə Naxçıvan küçəsinin 16-cı döngəsi sakinlərinin gündəlik həyatı demək olar ki, bir əzab halını alıb. Yağış yağan kimi küçələr gölməçəyə çevrilir, palçıq və lil yolları keçilməz hala salır. İnsanlar işə, işə, məktəbə, xəstəxanaya getməkdə çətinlik çəkirlər.
Ən acınacaqlısı isə odur ki, bu problem illərlə davam edir və sanki heç bir rəsmi qurum bu vəziyyəti görmək istəmir. Sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət etsələr də, nəticə dəyişmir. Küçə yolları təmirsiz, kanalizasiya sistemi isə ya ümumiyyətlə yoxdur, ya da düzgün fəaliyyət göstərmir. Nəticədə, yağış suları küçələrə axaraq nəqliyyatı iflic edir, piyadaların hərəkətini mümkünsüzləşdirir.
Uşaqlar məktəbə getmək üçün valideynlərindən kömək gözləyirlər, çünki çəkməsiz bu yollarda irəliləmək mümkün deyil. Xəstə və yaşlı sakinlər üçün isə bu vəziyyət ciddi təhlükə yaradır – təcili yardım maşınları bu küçəyə girməkdə çətinlik çəkirlər. Naxçıvan küçəsinin 16-cı döngəsində yaşayanlar özlərini şəhərin mərkəzindən deyil, sanki unudulmuş bir dağ kəndindən gəlmiş kimi hiss edirlər.

Sual olunur: Bakının mərkəzinə bu qədər yaxın bir ərazidə belə vəziyyətin hökm sürməsi necə mümkündür? Yol infrastrukturu, kanalizasiya, suötürücü sistemlər hansı əsasla planlaşdırılır? Əgər bu planlamalar varsa, nə üçün icra olunmur? İcra Hakimiyyəti, Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumların fəaliyyəti hansı nəticəni verib?
Xəzər rayonu İcra Hakimiyyətindən və Buzovna qəsəbəsi Bələdiyyəsindən bu vəziyyətlə bağlı soruşmaq istəyirik:
CƏNABLAR, bu vəziyyət nə vaxt dəyişəcək? Nə zaman bu küçənin də sakinləri rahat, təhlükəsiz və insana layiq bir mühitdə yaşayacaqlar?
xüsusi müxbir
BİA.az