Dövrümüzün "Yezidlər"i bu müqəddəs ayda insanları su ilə imtahana çəkirlər

Qaradağda "Yezid əyyamı" davam edir.
Yenə müqəddəs ayda sübh əzanına, imsak vaxtına Qaradağ Rayon Müşfiqabad qəsəbəsi, Məcburi köçkün şəhərciyi susuz oyandı.
Çox təəssüflə qeyd edirik ki, Zaur Mikayılov vəzifəyə gəldiyindən bəri bu hal artıq adət halını almağa başlayıb. Bəlli ki, Qaradağ Rayon Su Kanal İdarəsinin təptəzə rəisi Sultan Əmraslanov patronunun cavabdeh olduğu sahədəki problemləri önəmsəmədiyindən cəsarətlənərək, eynisini təkrar edir.
"DogruXeber.az" bildirir ki, məcburi köçkünlərin yaşadığı şəhərciyin "həftə səkkiz, mən doqquz" susuz qalması barəsində dəfələrlə portalımızda məlumatlar və tənqidi yazılar dərc etməyimizə baxmayaraq mövcud problem aradan qaldırılmır. Qaldırılmamasının səbəbi isə illər öncə şəhərciyin inşa edilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsidir. Belə ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin keçmiş sədri və baş nazirin sabiq müavini Əli Həsənov büdcədən ayrılan maliyyəni öz şəxsi maraqlarına istifadə etdiyinin, binların inşasının və təmirinin keyfiyyətsizliyinin, həmçinin çəkilən su kanalizasiya borularının ucuz və keyfiyyətsiz materiallardan istifadə olunduğununun acı nəticəsidir ki, bu gün 10 min nəfərə yaxın məcburi köçkün bu əziyyəti yaşamağa məhkumdur.
Qeyd edək ki, ərazi daimi su sistemləri ilə təchiz olunduğu səbəbilə şəhərcik sakinləri su saxlamaq üçün ehtiyat çənlərdən uzun illərdir istifadə etmirlər. Nəticədə isə tez-tez belə çətin durumda qalırlar. Və maraqlıdır ki, idarə hər dəfəsində də suların kəsilməsini ya qəza, ya da su xətlərinin yenilənməsi ilə əlaqələndirir. Amma, illərdir nə qəzaların səbəbi aradan qaldırılır, nə də yenilənmə işləri bitir.
Görünür, bu sadəcə insanları susdurmaq üçün qurum tərəfindən tez-tez istifadə olunan bir bəhanədir. Reallıq isə mövcud problem və şəhərcik sakinlərinin narahatçılığı Zaur Mikayılov və onun təyin etdiyi səlahiyyət sahiblərinin kobud desək, veclərinə belə deyil.
Mövzunu davam etdirəcəyik.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.