Bia.Az

Tovuzda şəhid anasını kimlər narazı salıb... - MÜRACİƏT

Fakt
 8-02-2024, 11:25     254

Tovuz rayonu, Vahidli kənd sakini, Şəhid və Qarabağ veteranı anası Həsənova Ceyran Məhəmməd qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də dia-az.info-ya daxil olan müraciətdə deyilir:

"Nəzərinizə çatdırıram ki, Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli, 132 saylı qərarının 199-cu səhifəsində qeyd olunan inventar nömrəsi 6050, adı Şəhərgah, orta əsrə aid, yerləşdiyi ərazi Tovuz rayonu Vahidli kəndi olan Tarix və Mədəniyyət abidəsi Tovuz rayon Vahidli bələdiyyəsinin sədri və Əmlak Məsələləri Dövlət Xidmətinin Tovuz bölməsi tərəfindən tamamilə məhv edilmək təhlükəsindədir. Belə ki, abidələrin ərazisi tamamilə darma-dağın edilərək qanunsuz olaraq satılmışdır.Artıq beş il ərzində aidiyyəti qurumlara etdiyim yüzlərlə müraciətlərim nəticəsiz qalıb.
Onu da nəzərinizə çatdırıram ki, çoxsaylı müraciətlərimdən sonra 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları ərazidə araşdırma apardılar və həmin satılmış ərazidə orta əsrə aid yaşayış evi tapıldı. Həmin araşdırma ilə bağlı AZƏRTAC-ın hazırladığı reportajı da müraciətimə əlavə edirəm. Qeyd etdiyim satılan ərazi Tarixi abidələrin yerləşdiyi ərazinin tən orta hissəsində olduğuna görə hal-hazırda koordinat, xəritə və ötür-ötür oyunları gedir. Belə ki, qanunsuz satılmış ərazini orta hissədən çıxarıb sağa və ya sola çəkmək istəyirlər və abidələrin ərazisini kiçiltməyə çalışırlar.
Eyni zamanda bildirirəm ki, Şəmki Regional Ədliyyə idarəsini rəisi mənə 12.01.2024-cü il tarixli məktub ünvanlamışdır. Məktubun birinci cümləsində qeyd olunur ki, abidə kompleksinin ərazisi kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə verilmişdir. Məktubun ikinci cümləsində isə qeyd olunur ki, Vahidli bələdiyyəsinin sədri tərəfindən təqdim olunan arayışdan isə məlum olmuşdur ki, abidə kompleksinin ərazisində icarəyə verilmiş bir hektar örüş torpaq sahəsi təyinatı üzrə xırda buynuzlu heyvanların otarılması kimi istifadə olunur.
Bu cavab məktubu ilə bağlı bildirirəm ki, nə tarixi abidələrin ərazisini, nə də örüş sahəsini icarəyə vermək olmaz, çünki qanun buna icazə vermir. Məqsədli şəkildə qeyd edirlər ki, ərazidə yalnız xırda buynuzlu heyvanlar otarılır. Ona görə belə qeyd ediblər ki, iri buynuzlu heyvanlar abidələri dağıda bilər. Amma həqiqət budur ki, abidələri ağır texnika ilə darma-dağın ediblər.Onu qeyd edim ki, həmin ərazini alan şəxs Bakı şəhər sakinidir və hal-hazırda da Bakı şəhərində yaşayır. Bələdiyyə sədrindən isə soruşan yoxdur ki, bu vətəndaş 600 kilometr məsafəni xırda buynuzlu heyvanları ilə necə gəlib, necə qayıdır.
Bütün qeyd etdiklərim təsdiq edir ki, hər hansı variantla olur olsun tarixi abidələrin ərazisini əldən verməməyə çalışırlar. Əgər belə olmasaydı abidələrin ərazısı beş ildən çox müddətdə zəbt altında qalmazdı. Eyni zamanda mənə və ailə üzvlərimə qarşı təzyiqlər,hədələr olunur ki, Sizin nəyinizə lazımdır,gedin sakit yerinizdə oturun. Mən isə bunları başa sala bilmirəm ki, konstitusiyamızın 77-ci maddəsində qeyd olunur ki, Tarix və Mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur.
Xahiş edirəm yuxarıda qeyd olunanları və eyni zamanda Şəhid və Qarabağ veteranı anası olduğumu nəzərə alaraq müraciətimi şəxsi nəzarətə götürəsiniz və təcili olaraq ciddi tədbir gördürəsiniz".
скачать dle 12.1