Bia.Az

Şamaxı RMX PHŞ-nin direktoru Emin Hüseyn şəhid atasından 2 min rüşvət istəyib - İDDİA

Fakt
 13-01-2023, 19:13     510

Bu barədə şəhid atası Ceyhun Heydərov özü canlı efirdə məlumat verib

"Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Emin Hüseynin şəhid atasından 2 min manat rüşvət istəməsi ilə bağlı "Kanal14" adlı yutub kanalında informasiya yayılıb. Bir gün əvvəl kanalda efirə gedən "Kamalın Zamanı" proqramında Şamaxıdan olan "Canavar" ləqəbli şəhid Sabir Ceyhun oğlu Heydərovun atası Ceyhun Heydərov verilişə canlı qoşularaq, faktı təsdiqləyib və baş həkim tərəfindən ondan rüşvət istənilməsi halını təfsilatı ilə danışıb. (Qeyd olunan fakt verlişin 1:30:00-cı dəqiqələrindən açıqlanmağa başlayır)

Özü də Birinci Qarabağ Savaşının veteranı olan, 25 ildir müəllim işləyən şəhid atası Ceyhun Heydərov canlı bağlantı zamanı bildirib ki, iki ay əvvəl Şamaxı Diaqnostika Mərkəzində çalışan yaxın bir qohumunun iş yerinin dəyişdirilməsi ilə bağlı Emin Hüseynə müraciət edib:

"Şamaxı Diaqnostika Mərkəzinin Cərrahiyyə şöbəsində çalışan yaxın qohumum Rəna xanımın Təcili yardım şöbəsinə yerdəyişməsi üçün Şamaxı Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Emin Hüseyndən xahiş etdim. O da söz verdi ki, düzələcək. Lakin 2 ay müddətində məni get-gələ salan Emin Hüseyn, günləri ötürməklə, işi düzəltməkdən yayındı.
Üçüncü görüşümüzdə ona dedim ki, əgər bu iş düzələn deyildisə, əvvəldən deyəydiniz düzəlməyəcək, daha iki aydı məni niyə get-gələ salmısınız?.. Sizə nə pislik etmişəm? Sizdən, ailənizdən, qohumlarınızdan, oturduğunuz kreslodan ötrü, mən oğlumu qurban vermişəm!.. Cavabında dedi ki, get, birinci gün gələrsən qəbuluma.



Yanvarın 9-da - birinci gün, havanın qarlı-şaxtalı, yolların buzlu olmasına baxmayaraq, yaxın qohumum olan Rəna xanımı da götürüb, Qaraxan adlı tanış taki sürücüsüylə birgə getdik diaqnostikaya. Girdim qəbula və Emin Hüseynə bildirdim ki, qohumum da gəlib mənimlə, çağırım, birlikdə söhbət eləyək. Emin Hüseyn dedi ki, səninlə görüşməyə vaxtım yoxdu!.. Dedim, necə vaxt yoxdu ki, məni dəvət eləmisiz, özünüz də otaqda tək oturmusuz?!. Əsəbləşdiyimi görəndən sonra, nə fikirləşdisə, qohumumu da çağırtdırdı içəri. Sonra başladı qadına dəxli olmayan suallar verməyə: "Şəhid atası sənin nəyindi?.."... və sair tərbiyəsiz suallar. Əsəblərim tarıma çəkildi, dedim, sən nə hörmətsizlik edirsən?! Dövlət, Prezident şəhid ailələrinə status verib ki, səninkimilər onları hörmətlə qarşılayıb, yola salsınlar!.. Sənə demirəm ki, kimisə işə götür, öz ailəmdə işləyən adam yoxdu, qohumumun xahişini eləyirəm, o da yerdəyişmədən ötrü!.. Qayıtdı ki, hamı çıxsın, sən qal, sənə sözüm var. Hamı çıxdı, Qaraxanla mən qaldım. Qaraxan da ona bildirdi ki, sən niyə şəhid ailəsinə hörmətsizlik eləyirsən, qadına etikadan kənar suallar verirsən?!.. Emin Hüseyn dedi ki, bilirsən, bu işin 2 min qiyməti var, havayı düzəldə bilmərəm, haqq-hesab haqq-hesabdı, şəhidin bura nə dəxli var!.. Dedim, sənin şəhid ailəsinə hörmətin budusa, lazım deyil!"

Daha sonra şəhid atası C.Heydərov Emin Hüseynin digər qanunsuz əməllərindən, əhali arasında ona qarşı olan narazılıqlardan danışıb:

"Bilirsiz Emin Hüseynin əlinin altında nə qədər əlilliyə yararlı xəstələrin sənədləri var?.. İşləmirlər, xəstələri qəbul eləmirlər, düzgün diaqnoz qoymurlar, sənədləri sosial müdafiə fonduna göndərmirlər. Gəlib Şamaxıda əhalidən sorğu götürsələr, kimsə Emin Hüseynin işindən, etik münasibətindən razılıq eləməz. Emin Hüseyn açıq şəkildə deyir ki, mənim adamım hamının adamından böyükdür, gedin kimə deyirsiz, deyin! Camaat yığılıb boğaza! Şəhid ailələri, qazilər, veteranlar narazı, Şamaxının və regiona daxil olan ətraf rayonların əhalisi narazı!.. Xahiş edirik, Emin Hüseynin özbaşınalıqları barədə yuxarı orqanlar bir ölçü götürsünlər. Onun əlindən camaat xəstələrini Bakıya aparmaq məcburiyyətində qalırlar!..."

Göründüyü kimi, ortada ağır ittiham var, özü də şəhid atası tərəfindən. Yəqin ki, aidiyyatı dövlət qurumları canlı efirdə səsləndirilən ittihamları araşdıracaq və ədalətli nəticə ortaya qoyulacaq. Qeyd edək ki, "Şamaxı Mərkəzi Xəstəxanası" PHŞ-nin direktoru Emin Hüseynin əhali arasında yaratdığı narazılıqlar barədə KİV-də bir neçə dəfə tənqidi materiallar dərc olunub.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1