Bia.Az

Bakıda 1 əsrlik QƏZALI BİNA: 23 ailə TƏHLÜKƏDƏ - FOTO

Fakt
 24-11-2022, 14:14     15

Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən bir əsrlik tarixə malik bina acınacaqlı vəziyyətdədir.

Manset.az xəbər verir ki, binada yaşayan sakinlər Milli.Az-a həyəcan təbili verən məzmunlu məktubla müraciət ediblər. 
Həyatlarının hər an təhlükədə olduğunu deyən sakinlər aidiyyatı qurumların dərdlərinə əlac olmaq istəmədiklərindən gileylənirlər.
Az qala başlarına uçacağını deyən 23 ailənin yaşadığı qəzalı vəziyyətdə olan bu köhnə tikilinin sakinləri qeyd edirlər ki, artıq bədbinliyə o qədər qapılıblar ki, hər axşam səhərə çıxmayacaqları düşüncəsi ilə yatmaq məcburiyyətində qalırlar.

Hətta aralarında ötən əsrdən qalan bu uçuq-sökük iki mərtəbəli binanın elə sakinləri də var ki, "bina indi uçar" deyə, qorxudan gecəni səhərə kimi gözlərinə yuxu getmədiyini bildirirlər. 
Bina sakinlərinin göndərdiyi görüntülərdən də görünür ki, 1 əsr yaşı olan bu köhnə tikilinin tavanı yararsız vəziyyətə gəlib, döşəməsi isə hər an ayaq altından "qaçmağa" hazırdır.
Təəssüf ki, tikilinin divarlarından isə heç danışılası deyil. Binanın müxtəlif hissələrində artıq uzun illərdir yaranan iri çatlar yaşayışa yararsız hala gələn bu köhnə tikilinin 23 ailədən ibarət sakinləri üçün istənilən an məzara dönmək təhlükəsindən xəbər verir. Yaşayış binasını ayaq üstə saxlayan taxtalar isə artıq çürüyüb.

Sakinlərin Milli.Az-a verdiyi məlumata görə, aidiyyatı qurumlar binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin QƏZALI VƏZİYYƏTDƏ olması barədə rəy versələr də, lakin onlara binanın sökülməsi və ərazidən köçürülmələri barədə heç bir cavab verilməyib. 
Güclü külək olanda binada silkələnməni adi gözlə görməyin mümkün olduğunu bildirən bina sakinləri onların səsinə səs verənin tapılmadığını, hər gün daha da böyüyən və yaranan yeni çatların yaxın zamanda böyük faciə ilə nəticələnəcəyindən narahatlıqlarını qeyd edirlər. 

Artıq 100 yaşı olan bu binanın bədgüman sakinləri onu da əlavə ediblər ki, ailələr hərə öz yaşadığı mənzilin böyür-başına bir şey yamayır ki, qəzalı vəziyyətdə olan bu köhnə tikili çökməsin.
Sakinlər evi təmir etməyin artıq heç bir əhəmiyyət daşımadığını, yağışdan sonra çəkilən xərcin də tavandan axan yağış sularında batdığını bildirərək, tez bir zamanda bu haraylarına aidiyyatı qurumlardan nəhayət şad xəbər alacaqlarına ümid etdiklərini deyirlər.
Biz də Milli.Az olaraq istismar müddəti başa çatmış qəzalı vəziyyətdə olan yaşayış binasındakı bu acınacaqlı vəziyyətin faciə ilə bitmədən əncam çəkiləcəyinə ümid edirik:




 BİA.az
скачать dle 12.1