Bia.Az

DƏRMAN MAFİYASI millətin qəsdinə durub...

Fakt
 4-11-2022, 16:00     206

Son zamanlar apteklərdə dərman qıtlığı yaşanır. Tələbat olan bəzi dərmanları aptekdə tapmaq olmur. Aptekə üz tutduqda isə həmin dərmanların depoda tükəndiyi, yaxud satışının dayandırıldığı deyilir. Vətəndaşların ehtimalına görə, tələbat olan dərmanları firmalar qəsdən “yoxa çıxardır”. Məqsəd isə aptek rəflərində aylarla, illərlə qalıb satılmayan əvəzləyici dərman preparatlarının əhaliyə “sırınmasıdır”.

Səhiyyə naziri Teymur Musayev isə jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların azalmasının ölkəmizlə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər: "Həmin baza maddəni istehsal edən iri farmakoloji şirkətlərin istehsalat xətlərində problem yaranıb. Bu böhran prinsipcə, tək Azərbaycanı deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunurdu. Son bir həftə ərzində mövcud problem tamamilə aradan qaldırılıb və həmin dərmanlar Azərbaycana gətirilib. Qısa müddətdə onlar pərakəndə satışa veriləcək".

Həkim-rentgenoloq Aydın Əliyev bildirib ki, apteklərdə hər hansısa dərman çatışmırsa ya onun qiyməti artır, ya da daha baha qiymətə alternativ təklif olunur:

“Ölkəmizdə dərman siyasəti çox bərbad haldadır. Yəni bu sahədə dövlət nəzarəti olsa da, neqativ haldadır. Ciddi statistik məlumatlara əsaslanan bir dərman siyasəti təəssüf ki, bizdə yoxdur.

Bu işlə özəl şirkətlər məşğul olur. Bildiyimiz kimi özəl sistemdə maddi maraq hər zaman öndədir. Ola bilsin ki, bu, düşünülmüş halda olsun. Yəni apteklərdə bəzi dərman qıtlığı yaransın və onun qiyməti artsın deyə.

Dəqiq məlumatım yoxdur, amma təxmini belə bir fikir irəli sürmək olar. Ola bilər ki, süni qiymət artımı yaratmaq üçün həmin dərmanları depolarda saxlayırlar. Artıq bununla müvafiq dövlət orqanları məşğul olmalıdır. Amma dərman məsələsi ticari olmaqdan daha çox strateji məsələdir. Yəni insan sağlamlığı ən prioritet məsələdir. Ona görə də dövlət səviyyəsində bu işlə ciddi məşğul olunmalıdır. Bu işlə məşğul olacaq müvafiq dövlət qurumları var, amma təəssüf ki, onlar bununla məşğul olmurlar”.

Həkimin sözlərinə görə, problemin yeganə həll yolu dərmanların öz ölkəmizdə istehsal olunmasıdır:

“Ölkədəki apteklərdə bəzi dərmanların yoxa çıxmasının bir səbəbi də dünyada baş verən proseslərlə əlaqəlidir.

Bu problemin yeganə həlli xaricdən gətirilən dərmanların öz ölkəmizdə istehsal olunmasıdır. Dərman təchizatının ölkəmizdə zəif olması və xaricdən asılılığımız qıtlığa gətirib çıxarır".
скачать dle 12.1