Bia.Az

9 sayli Ərazi Vergilər İdarəsi NƏ İŞLƏ MƏŞĞULDUR?

Fakt
 26-10-2022, 09:18     240

Göyçay rayonu 1-ci Ərəbcəbirli kənd sakini, 1-ci qrup hərbi əlil, ictimai fəal Məhəmmədəli Səmədov tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Çox hörmətli cənab Prezident! Yazaraq Sizi məlumatlandırmaq istəyirəm ki, İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin məsul şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək (CM maddə 308) dövlət büdcəsinə külli miqdarda zərər vurmağa davam edirlər. Belə ki, adı çəkilən idarə tərəfindən öz ərazisi hesab olunan Göyçay, Ucar, Ağdaş və Zərdab rayonlarında yerləşən bir çox yanacaq doldurma məntəqələri, super marketlər, çay evləri, kafelər, xırdavat və tikinti materialları mağazaları, apteklər, şadlıq sarayları və digər ticarət obyektlərilə şəxsi maraqlarına uyğun qaydada razılaşma həyata keçirir. Həmin sahibkarlar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilir.

Bu, birbaşa qanunsuz əməldir Azərbaycan Respublikasının CM-nin 162 (Əmək mühafizəsi qaydalarını pozma)
və 192-ci (Qanunsuz sahibkarlıq)
maddələrinə əsas verir və bilavasitə 9 saylı Dövlət Vergi İdarəsi məsələyə ciddi nazərət etməlidir. Çünki iş zamanı o, işçilərdən birinin həyatı üçün təhlükə yaranarsa, burada sahibkarla yanaşı 9 saylı Dövlət Vergi İdarəsi də məsuliyyət daşıyır.

Bundan əlavə, bildiyiniz kimi sahibkarlar və vergi ödəyiciləri kassa metodundan istifadə etməli, hesablanmış aylıq gəlirə uyğun vergi borcunu ödəməlidir. Lakin 9 saylı Ərazi Vergilər İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar 9 saylı Vergi İdarəsi ilə sövdələşərək qanuni vergidən yayınırlar. Bu sövdələşmə əsasında isə onların adında VÖEN olmasına baxmayaraq, əksər hallarda satılan malları kassada qeyd etmirlər. Hətta bəzilərinin də ümümiyyətlə kassa aparatı belə yoxdur.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1. maddəsinə əsasən "Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır".

Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən "qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur".

Lakin, dəyişən səbəblərə (puluna, adamına və s. ) görə 9 saylı Vergi İdarəsi vətəndaşlar arasında ayrıseçkilik edərək Azərbaycan Respublikasının Konstitusiyasının 25 və eyni zamanda Cinayət Məcəlləsinin 154-cü maddələrində bildirilən hüquq və barəbərliyi kobud şəkildə pozmaqdadırlar.

Bu cür iyrənc əməllərdə əlbir olan "məmur"lar Sizin dediyiniz kimi: "varlanmaqla yanaşı Dövlətə xəyanət etmiş sayılır".

Çox hörmətli cənab Prezident! Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən xahiş edirəm, 9 saylı Ərazi Vergilər İdarəsinin qanunsuz əməlləri mənim də iştirakımla təcili araşdırılsın.

Ümid edirəm ki, ölkəmizi talan edən "məmur"lar barəsində qanunun müvafiq bəndlərinə uyğun tədbir görüləcəkdir".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
скачать dle 12.1