Bia.Az

GÜLÜB KEÇDİM... - Tapdıq ƏLİBƏYLİnin baxış bucağı

Ədəbiyyat
 21-07-2026, 10:52     34

Cəmiyyətdəki bayağı hallara,  təkəbbür və dikbaşlığa, biganəliyə, nadanlığın özünəinam kimi təqdim olunmasına, mövhumata, riyakarlığa, ikiüzlülüyə, yalanın adi hala çevrilməsinə,  etinasızlığına,  hörmətsizliyin cəsarət sayılmasına, məmur laqeyidliyinə və sui-istifadəsinə,  dedi-qoduya, mövqesizliyə,  vicdanın susmasına, dəyərin var-dövlətlə ölçülməsinə, ucuz şöhrət həvəsinə, başqasının uğurundan narahat olanlara, öz səhvini görməyib hamını günahlandıranlara, hər şeyi bildiyini zənn edib öyrənməkdən imtina edənlərə, haqqı gücün, ədaləti isə marağın kölgəsində axtaranlara, zəhməti deyil, asan qazancı ucaldanlara, insanı şəxsiyyəti ilə deyil, imkanı ilə dəyərləndirənlərə, mərhəməti zəiflik, təvazökarlığı acizlik hesab edənlərə, üzdə olan üzsüzərə, özünü yazıçı hesab edən sözsüzlərə, duyğusuz  qafiyasənclərə, səhihlə səhvin leksik mənasını ayırd edə bilməyən naşı jurnalistlərə, süni intellektin sayəsində yazılan  sicilləmə muəlliflərinə  gülüb keçdim.

Kinə nifrətlə cavab vermədim, çünki nifrət insanın daxilini qaraldır. Cahillərlə mübahisə etmədim, çünki həqiqəti qəbul etmək istəməyənə ən güclü dəlil belə təsir etmir. Özünü ucaltmaq üçün başqalarını alçaldanlara acıdım, çünki həqiqi ucalıq başqalarının üzərindən yüksəlməklə deyil, öz vicdanının qarşısında dik dura bilməklə ölçülür.

İnsanı ucaldan səsi deyil, səviyyəsi; var-dövləti deyil, xarakteri; şöhrəti deyil, ləyaqətidir.

Zaman hər maskanı çıxarır, hər niyyəti üzə çıxarır və hər kəs əkdiyini biçir. Yalan bir müddət həqiqət kimi görünə bilər, amma həqiqətin ömrü uzun, yalanın isə kölgəsi qısadır. Vicdanını susduranlar bəlkə alqış qazanar, amma daxili rahatlıqlarını itirərlər. Çünki insanın ən sərt hakimi başqaları deyil, öz vicdanıdır.

Bu gün də gülüb keçirəm. Laqeyd olduğum üçün yox, enerjimi dəyərsiz mübahisələrə sərf etmədiyim üçün. Bilirəm ki, hər kəs öz əməlinin, öz niyyətinin və öz seçimlərinin nəticəsini yaşayacaq.

Sonda insanın arxasında qoyduğu ən böyük miras nə sərvətidir, nə şöhrəti, nə də vəzifəsi. Onun ən qiymətli mirası dürüstlüyü, ləyaqəti, mərhəməti və xatirələrdə qoyduğu gözəl izdir.

Ona görə də... gülüb keçdim!

✍️ Tapdıq ƏLİBƏYLİ

BİA.az
скачать dle 12.1