Bia.Az

Ruhum Təbriz, canım Təbriz... - Elbariz Məmmədlinin yeni şeirləri

Ədəbiyyat
 5-11-2024, 00:20     805

BİA.az tanınmış şair Elbariz Məmmədlinin yeni şeirlərini təqdim edir:

Dağlara qar düşüb
 
Dağlara qar yağıb, - payızın qarı,
Saralan yarpaqlar yerə enməmiş.
Dünən savaş üçün aşıb yolları,
Gedən ər igidlər geri dönməmiş.
 
Torpaq bəyazlığı çəkib canına,
İtib qar altında cığırlar, izlər.
Göylərin qaralan bulud donuna
Təşnədi hardasa çaylar, dənizlər?
 
Hələ bağ-bağçadan əl çəkilməyib,
Bitməyən savaşın uzaq yolu var.
Könlündən ümidi hələ silməyib,
Həsrətdə uzalı Vətən qolu var.
 
Qar yağıb, dəyişib dərəni-düzü,
Amma ki, zamanın üzü qaradı.
Kimdi, yolumuzdan saxlayan, bizi?
Bizim ki, yolumuz uzaqlaradı.
 
Təzədən başlayıb ruha qayıdış,
Zaman əzib keçir ruhu təkləri.
Sevdanın yolunu kəsəmməz ki, qış,
Duysun hay dölləri, fars köpəkləri.
 
Öldürüb min ildi bu lallıq bizi,
Bölünüb canımız əllərdə, tən-tən.
Doğudan Batıya silinib izi,
Doğudan Batıya sökülüb Vətən.
 
Qar yağıb, təzədən başlayır həyat,
Əlimiz əlində uca dağların.
Düşür yağıların bağrına çat-çat,
Şükr, zirvələrdə al bayraqlarım.
 
Unutmaq da ayrılıqdı...

Taleyimə tən bilirdim mən səni,
Həsrət hardan gəlib çıxdı, əzizim?
Aylar-illər öz ömrünü yaşadı,
Səni yıxdı, məni yıxdı, əzizim.

Meydan bilib gəldi, gəzdi sinəmi,
Xoş duyğudan qəmə çözdü sinəmi,
Uzaqlığın elə üzdü sinəmi,
Ürəyimi nər tək sıxdı, əzizim.

Könül istər, ötənlərə yol ala,
Nə ürəkdə dərdə baxa, nə xala,
Baxıram ki, uçulubdu o qala,
İz zülmətdi, yol qırıqdı, əzizim.

İndi qəmin yedəyində əsirik,
Xəyallarda dəli kimi gəzirik,
Gendən genə yaşamaqdan bezirik,
Dərdə nə var, solan ruhdu, əzizim.

Hər gün min yol səni ansam, doymaram,
Sevdan üçün alovlansam, doymaram,
Ürəyimi unutmağa qoymaram,
Unutmaq da ayrılıqdı, əzizim.

Yenə ruhumuza sevgi əkilir

Bitməyib ümidlər hələ, bitməyib,
Bizləri yaşadan ruhun səsidi.
Qış qış günündə əllərdə gəzən,
Nərgiz çiçəkləri yaz müjdəsidi.

Hələ könlümüzdə yaz ovqatı var,
Hələ arzumuzu qış bitirməyib.
Heç vaxt bu millətin yolunun üstə,
Sellər bu böyükdə daş gətirməyib.

Həyat dağ yüküdü, duyanlar üçün,
Yaxşı ki, min illik ruh yerindədi.
Hamının dilində yaz harayı var,
Sükut hamımızın tox yerindədi.

Qızaran dan yeri salama ünvan,
Günəşin gəlişi haqqın səsidi.
Hürr olan torpağın barı, bəhəri,
Hürr olan millətin fəlsəfəsidi.

Hökmü yüyrək olub vaxtın-zamanın,
Yolu tükənməz ki, yol olanların.
Duyğusu yaz kimi çiçəklənəcək,
Doğudan Batıya yol salanların.

Bitməzdi davası Xeyirlə Şərin,
Yamanlıq bəşərin baş bəlasıdı.
Tanrı sevdasına sığınan millət,
Torpağın üstündə haqq qalasıdı.

Bitməyib ümidlər hələ, bitməyib,
Qərib ocaqlara yollar tikilir.
Azrular atlanır quş dimdiyində,
Yenə ruhumuza sevgi əkilir.

Payız üzlüm, ömür hələ bitməyib

Həsrətindən yanaqları saralan,
Vüsalına gedən yolu qırılan,
Duyğuları ürəyindən vurulan,-
Payız üzlüm, ömür hələ bitməyib.

Dilimizdə hələ, eşqin nidası,
İçimizdə yuvalanıb odası,
Çox həsrətə boyun əymə, qadası,
Bizim bağın durnaları getməyib.

Bu ömürdü, hər üzündə sınaq var,
Boynumuzda gör, nə qədər qınaq var,
Aramızda bir ikili günah var,
Səndən mənə, məndən sənə ötməyib.

Üzülürəm, səni payız görüncə,
Gözü solğun, baxışı buz görüncə,
Neyniyək ki, həsrət toru hörüncə,
Ulu Tanrı bizə insaf etməyib.

Yaşayırıq, əli ələ uzalı,
Ayrılığın öz işi var, öz halı,
Bu dünyanın etibarı azalıb,
Milyonların əli eşqə yetməyib.

El içidi, sən könlünü tox elə,
İçindəki əzabını yıx, elə,
Həsrətini gözlərindən yox elə,
Payız üzlüm, ümid hələ itməyib.

Yadında saxla, yetər

Elə uzaqdasan ki, səsinə tamarzıyam,
Ruhum boylana qalıb, həsrətinin dalınca.
Hayana üz tutursa, geri əliboş gəlir,
Sozalan ümidimin istəyi daş olunca.

Ürəyimin yanğısı nəfəsimi yandırır,
Yanan ocaq kimiyəm, yayın cırhacırında.
Sənli xəyallarımdan tutub elə, gedirəm,
Bir gün bitəcək ömür, bu yolun axırında.

Ən uzaq mənzillərə üz tutan qatar kimi,
İllərdi yol gəlirəm, həsrət bitmir ki, bitmir.
Vaxtı yellər daşıyır sanki quş dimdiyində,
Ömür sona yürüyür, amma ki, sənə yetmir.

Günəş qüruba enir qarşı dağın belindən,
Həsrətli çiçəklərin ümidləri düyündə.
Mənə bir çələng toxu saçının ağ telindən,
Qalsın xəyallarımın xatirə muzeyində.

Mən özüm də bilirəm, ayrılıq bitən deyil,
Könlü sınmasın deyə, könlümü aldadıram.
Nəzərinə düşəndə sınaqlı baxışların,
Qəmi içimə çəkib, qəhərimi uduram.

Bilirəm, əzab verir duyğuların, sənə də,
Ağrısını bağrına ilmə-ilmə toxuyur.
Nə olsun uzaqdasan, könlündəkini mənə,
İntizarla baxdığım şəkillərin oxuyur.

Üzmə ürəyini çox, daha neyləmək olar?
Çəkdiyimiz qəm yükü ömür bitincə, bitər.
Sən mənə fikir vermə, mən xəyal adamıyam,
Bu divanə adımı yadında saxla, yetər.

Olmadım

Nə gözəlmiş, düz yaşamaq dünyanı,
Əli yadlar ətəyində olmadım.
Ömür sürdüm doğruların içində,
Harınların yedəyində olmadım.

Neçə arzum batıb qaldı düyündə,
Əsəb yedim nadanların küyündə,
Qəm oxudum öz könlümün neyində,
Özgələrin tütəyində olmadım.

Düz danışdım, yollarımı kəsdilər,
Çox duyğumu ürəyimdə əzdilər,
İnadıma düşmən deyib, dözdülər,
Bir kimsənin kötəyində olmadım.

Kişi gördüm, toyuq kimi bürüşən,
Kişi gördüm, fahişə tək irişən,
Bu yedəkdən o yedəyə sürüşən,
Gədaların pətəyində olmadım.

Mən beləyəm, pis dostları kürüdüm,
Hər sözümü azadlığa bürüdüm,
Yaxşıların hər dərdinə yürüdüm,
Yamanların heç nəyində olmadım.

Məni itən günün yaddaşına yaz

Bilmirəm, könlünə toxunan nədi,
İndiki qayğımı, dünənki qəmmi.
Əllərim hələ də həsrətli qalan,
İpək saçlarının dəni mənəmmi?

Sinəmə bir eşqin möhrünü vurdun,
Həsrətmiş bu yolun sonu, sanmadım.
Sən mənim könlümdə yurd-yuva qurdun,
Mən sənin könlünə yığılammadım.

Bizə tale payı bu imiş, demək,
Bu ümid hardasa qırılmalıymış.
Təzə qanad açıb uçanda, quş tək,
Həsrət gülləsiylə vurulmalıymış.

İndi qəmin acı , həsrətin ağır,
Daha o illərə əl yetmir, neynim,
Gözümdən duyğulu yağışlar yağır,
Bircə ümidimi göyərtmir, neynim.

Qaranquş könlümü açıb göylərə,
Yazı gətirmişdim gələndə, sənə.
Çiçəklər dan üzü batanda tərə,
Şərqi oxuyurdu bu bəndə, sənə.

Dən düşən saçına əl gəzdir bir az,
Sabahkı ümidin xəyalına dal.
Məni itən günün yaddaşına yaz,
Ömrünün-gününün qayğısına qal.

Təbriz

Başın dərddədi, bilirəm,
Qoyma ruhunu ölməyə.
Yüz illər bölünmüş canı,
Yenə gəlirlər bölməyə.
Ruhum Təbriz, canım Təbriz!
 
Meydanlarda qanın axır,
Qan tutacaq namərdləri.
Vətən boyu haray eylə,
Qaldır ayağa mərdləri.
Mərdliyim, ünvanım Təbriz!
 
Bu da bir bəxt yazısıdır,
Bu da bir tale qisməti.
Sən millətin dağ vüqarı,
Yandıq çəkməkdən möhnəti.
Yandıq, şöhrət-şanım Təbriz!
 
Üzündə qəm kölgəsi var,
Ərkin başı dumandımı?
Qara əllə axıdılan,
Qan çayları dayandımı?
Basılmaz bu qanım Təbriz!

Ocaqlarını gur qala,
Başını yadlara vermə.
Yürü bütövlüyə, yürü,
Daşını yadlara vermə.
Bütövlük ünvanım Təbriz!

Qayıdıb gəlir

Ana təbiətdə yaz ovqatı var,
Torpağın baharı qayıdıb gəlir.
Don vurub harayı qeybə çəkilən,
Çayların suları qayıdıb gəlir.
Gedəli gözümüz yolunda qalan,
Harayı həsrətin neyini çalan,
Təzədən könlünü bizlərə salan,
Qərib durnaları qayıdıb gəlir.
Gün dəyir yamacın  bağrı buğlanır,
Qarlı zirvələrin köksü  "dağ"lanır,
Soyuq küləklərin yolu bağlanır,
Çəmənin çaları qayıdıb gəlir.
Yurd-yuva ünvandı qayıdan köçə,
Quşların səsində uyuyur gecə,
Bahar həsrətilə yad eldən neçə,
Duyğusu yaralı qayıdıb gəlir.
Erkən çiçəkləri nur verir gözə,
Ümiddi arzuya, işıqdı sözə,
Lalələr xalı tək səpilir düzə,
Çöllərin maralı qayıdıb gəlir.
Ömür yaz duyğulu olaydı, keşkə,
Mehrini güllərə salaydı, keşkə,
Gələndə əbədi qalaydı, keşkə,
Eşqin ilk nübarı qayıdıb gəlir.

Hara gedirik?

Qovur zülmətə doğru vaxtın küləyi bizi,
Ayırıb ruhumuzdan şeytan kələyi bizi,
Ələyir hər arzudan namərd ələyi bizi,
Hara gedirik?

Tamahına hədəfik böyüyən boyunların,
Çırpınır taleyimiz içində oyunların,
Sırasına qoşulub  duyğusu  qoyunların,
Hara gedirik?

Dərsini almışlara dərsbilməzlər dərs verir,
Kim nə verir bu xalqa, istəyinə tərs verir,
Ağ gün arzulu millət qara günə səs verir,
Hara gedirik?

Bir vaxt güvəndiyimiz daş üstə daş qoymayıb,
Kəsib ağıl başları, baş üstə baş qoymayıb,
Ruhu zəhərlənməmiş qohum-qardaş qoymayıb,
Hara gedirik?

Adımız kökdən düşüb, xərcləmişik Adları,
Axta "kişi"lər minib axtalanmış atları,
Səhər-axşam üfürüb gözümüzlə odları,
Hara gedirik?

Azadlığa yürüdük, uyammadıq felinə,
Əlimiz toxunmamış  bircə açan gülünə,
Verib bu məmləkəti yad-yamanın əlinə,
Hara gedirik?

Çoxlarına dan gəlir həqiqət, deyiləndə,
Mini tamaşaçıdı, birisi söyüləndə,
Hamı anlayacaq ki, qapısı döyüləndə,-
Hara gedirik?

Səni xatırlayıram

Yaşın elə vaxtıdı uzağa yetmir əlim,
Səninlə bir olduğum günü xatırlayıram.
Qoşulub eyvandakı güllərin yaz üzünə,
 Oxşadıb camalına, səni xatırlayıram
Birdən elə olur ki, fikirlərim qarışır,
İçimdə sevinclə qəm həyat üçün yarışır,
Gözlərimdə canlanır son gördüyüm duruşun,
Saçına erkən düşən dəni xatırlayıram.
Dağlardan duman gəlir, yolu-izi bürüyür,
Kədəri içimdəki aydınlığa yürüyür,
Elə bil ümidlərim nur sarıdan çürüyür,
Dünənki od-alovlu məni xatırlayıram.
Günlər elə ötür ki, vaxtı yaşamaq olmur,
İçində həsrət olan bəxti yaşamaq olmur,
Bilirəm, Haqqdan gələn haqdı, yaşamaq olmur,
Ürəyimə tuş gələn təni xatırlayıram.
Neçə ki, yaşamaq var, könlümə yük olacaq,
Unudulmaq, ayrılıq tək ölümlük olacaq,
Eh, sonuncu nidası bilməm, kimlik olacaq,
Sanma ki, unutmuşam  yəni, xatirlayıram

Zaman təiləyib bizi...

Sağımız, solumuz səhra kimidi,
Vaxtın boşluğunda can çürüdürük.
Bizim qazancımız bir kor ümidi,
Allahsız kəslərdən iman güdürük.
Elə qəm daşıyır yolların ağı,
Sevinclər hardasa düşüb düyünə.
Millətin taleyi gözdə göz dağı,
Bir xoş xəbəri yox, adam öyünə.
Bağrımız başında acı həsrəti,
Pir olan adamlar sönüb gediblər.
Hələ tükənməmiş vaxtın möhnəti,
Əcəl atlarını minib gediblər.
Başımız bilmirəm, qarışıb nəyə,
Sərhədləri döyən dərdi görmürük.
Şimalda, cənubda bazarlıq deyə,
Hərraca qoyulan yurdu görmürük.
Haqqımız o qədər aşılanıb ki,
Düzlüyün ünvanı dar ağacıdı.
Yadlar qanımıza elə qonub ki,
Canımız bar verən nar ağacıdı.
Yeni davaların səsi duyulur,
Qanlı niyyətlərin qurulur yası.
İlahi, bu millət nəyə suyulur,
Başında dünənin eyforiyası.
Gözümüz dikilib  üzü sabaha,
Heç yerdə ədalət havası yoxdu,
Yetər, göydəkini bezdirdik, daha,
Tanrının tutmağa yaxası yoxdu.
İlişib qalmışıq boş xəyallara,
Hər gələn bir dərdlə yükləyib bizi.
Düşüb zülmətlərə gedirik,  hara?
Zaman yaman yerdə təkləyib bizi.

BİA.az
скачать dle 12.1