Bia.Az

Çoxu dostam demiş ey dost, bizə düşmən olmuş... - Raqif Nazimoglunun yeni qəzəlləri

Ədəbiyyat
 21-09-2024, 00:16     591

Tanınmış şair Raqif Nazimoglunun yeni qəzəllərini sizə təqdim edirik.

Zülmət gecələrdə sarıl axşama,tələsmə,
Yandırmağa üz tutma həmən şama,tələsmə.
Meydən kimə bir fayda dəyibdir ki,əzizim,
Meyl eyləmə gəl badeyi-gülfama,tələsmə.
Gözlər səni aldatmasın,aldanma gəl,heç vaxt,
Vermə öz ürək sirrini hər xama,tələsmə.
Qoy qəlbinə yar olsun o insan ki,dürüstdü,
Hər "can" deyən ilə vüsala, kama tələsmə.
Bu dəhrdə,Raqif,nə qədər möhnətə dözdün,

...

Aşiq nə üçün eşqə səmərsiz deyə bilmir,
Şair sifətə çöhrə deyir,üz deyə bilmir.
Sarmışsa da çox aşiqi hər afəti eşqin,
Allahına "nolar,bu zülmü çöz"deyə bilmir.
Hicran odu hey yandırar,amma ki,kül etməz,
Bu haqdı ki,gözlər deyəni söz deyə bilmir.
Allaha sidqin olmasa,zikrin qəbul olmaz,
Şükr eyləməyən zikrini də düz deyə bilmir.
Raqif,de ki,şeytan axı,kimdir məni əzsin,
Ondan niyə bir kəs ürəyin gizləyə bilmir?

...

Qəlbi zülmət bürüdü kölgə boğan ana görə.
Məni hər kəs qınadı yetmədiyim şana görə.
Müşkül olcaq, hərə bir səmtə qaçıb dad elədi,
Biz saray əhli deyildik ki, susaq xana görə.
Saya salmaz, mənə bir zərrə təhəmmül eləməz,
Özümü xar elədim bir belə canana görə.
Qəmzəsiylə məni candan elədi nazlı pəri,
Mənsə fəryad eləməm bir quruca cana görə.
Amma hərçəndi ki, yarı dilədim şami-səhər,
Eylərəm ömrü fəda, billah, o mehmana görə
Getdi yad evdə könül verdi də əğyarə o yar,
Raqif əfğan elədi ol təni-reyhana görə.

...

Daşa da,torpağa da həkk olubdı tariximiz,
Onu can tək sevəcək şanllı nəsillər,demişəm.
Demə zülmət gecələrdən solub aydınlığımız,
Nura zülmət yeriməz varsa düz əllər,demişəm.
Vətənə çatmaq üçün eşqi bişir canda əzəl,
Gülü vaxtında budağından üzəllər,demişəm.
Bizim hər məqsədimiz kürreyi-ərzin nurudur,
Sözümü təsdiq edər bəlkə yüz ellər,demişəm.
Vətənin fəsli-yazından da qışı xoşdu mənə,
Payızın rəngi deyildirmi xəzəllər?!-demişəm.
Sözümün yöndəminə,mənasına diqqət elə,
Sən elə bilmə ki,mən sadə qəzəllər demişəm.
Yer olub,rəng tufanından itirib səmtini söz,
Yazılıb gör nə qədər pinti əsərlər,-demişəm.
Hamı bir rəngdə deyildir,hərənin öz rəngi var,
Çoxu eham eşidib bolluca sirlər demişəm.
Xırdaca kəm-kəsiri çoxda şişirtmə,dedilər,
Dözərik,tam yaradar xırda kəsirlər,-demişəm.
Dedilər,Raqif,azadlıq deyərək salma həşir,
Bəla gəlməzdən,onun üstündə əsərlər,-demişəm.


....

Çoxu dostam demiş ey dost, bizə düşmən olmuş,
Bizə düşmən olan axır ki, peşiman olmuş.
Nə qədər adil olub sadəliyə yön tutduq,
Sadəliklər bu qədər bizlərə nöqsan olmuş.
Sonsuz ummanı gərək görməyəsən qətrə qədər,
Bizlərin əqli-huşu qətrədə umman olmuş.
Qətlə fərman verən axır bunu bilsin,amma,
Neçə zalim özünün zülmünə qurban olmuş.
Bizdəki əqli-kamal öylə divar təkdi bizə,
Necə o,hüsnü-camal Yusifə zindan olmuş.
Düz üçün əyri tutur güzgünü bu xaniman,
Əyrinin qətlinə düzlük axı,fərman olmuş.
Raqif,öldürmək üçün əlləri şəmşir etmə,
Sözü şəmşir elə ki,sövqi gülüstan olmuş

...

Millətin dərdinə dərman ola can,yox demərəm,
Kəsilə,qanına qaltan ola can,yox demərəm.
Əzəli eşqim üçün dərdi-sərim başdan aşa,
Pozulub tərki-gülüstan ola can,yox demərəm.
Vəslə çatmaq Nur ilə məzhəbi-dinimdi mənim,
Qarışıb tərkibi-quran ola can,yox demərəm.
Yer üzü cənnət ola,abi-həyat gövhərimiz,
Bəzənib təxti-Süleyman ola can,yox demərəm.
Düşmənin bağrı yana,şövqə düşə cümlə-cahan,
Xalqımın rəqsinə meydan ola can,yox demərəm.
Yığılıb türfə gözəllər gələ meyxanəm üçün,
Cəmi dilbərlərə qurban ola can,yox demərəm.
Odlu sevdalar üçün baş qoyan insalar olub,
Belə bir misli-müsəlman ola can,yox demərəm.
Gül əkib vay döşüyən Raqifi yandırdı zaman,
Vallah,innən belə viran ola can,yox demərəm.

...

Qəlbinə sevgi,həyat eşqi axandan dəlisən,
Yetər,at getsin o daş qəlbi yaxandan,dəlisən.
Səni ol yarə uzaqdanca baxan gün tanıdım,
Elə ol vədə,o dildarə baxandan dəlisən.
Boy verib yüklü buludlar kimi köksündə qəmin,
Eşq şimşəkləri qəm üstə çaxandan dəlisən.
Mənə minnət qoyub,Allahı çağırma,çıx get,
Sən bu dərdsiz başıma dərdi qaxandan dəlisən.
Tut üzün qibləyə,Raqif,namazın qıl,amma,
Deməsin el başa əmmamə taxandan dəlisən.


Nə qədər sevdisə bu torpağı,bu yurdu şair,
O qədər yurduna şöhrət gətirən nurdu şair.
Gül açıb bədrü-biyaban nəfəsindən o şahın,
Sözün öz dərgahını sözdən uca qurdu şair.
Əqli qəlbindən ucuz bolluca söz dəllalını,
Sözün Allahı kimi sözlə otuzdurdu şair.
Xilqətindən bu nurun dürrü-münəvvərdi zatı,
Daima hər quru şöhrətdən uzağ durdu şair.
Əbədi mövcud olan,Tanrıya çaqdaş yaranıb,
Çoxu çox yazsa da çox sirricə düsturdu şair.
Raqif,heç uf demədən ömrü verərdik biz ona,
Bir səməndər quşu tək ömrü başa vurdu şair...

....

Gördüm əğyar mən olan məclisə yarımla gəlib,
O mələk üzlü gözəl,nazlı nigarımla gəlib.
Gülü-rüzgarıma bir anda zimistan çökdü,
Rəqibimi görəndə güllü baharımla gəlib.
Qəfil çiçəklərimi yaxdı da  yandırdı şəmim,
Sözünə "can" dediyim ol gül üzarımla gəlib.
Bir anda cismimi kül eylədi qısqanclıq odu,
Çəkərək sinəmə dağ,çeşmi xumarımla gəlib.
Dedi Raqif o gülün ismini sildim qəlbdən,
Çün həm əğyarım,həmi dərdi-qubarımla gəlib.


BİA.az

скачать dle 12.1