Bia.Az

“Vaşinqton Post”: Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü

Dünya
 21-10-2022, 01:10     192

ABŞ-ın “Vaşinqton Post” qəzetində koronavirus infeksiyasının uzun sürən fəsadları ilə bağlı aparılmış elmi tədqiqatlara istinadla məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, redaksiya heyəti adından təqdim edilən “Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü” başlıqlı məqalədə deyilir ki, hazırda dünyada milyonlarla insan COVİD-19 infeksiyasının uzun sürən fəsadları içindədir: “Onlar əsasən yorğunluqdan, təngnəfəslikdən, bədən ağrılarından və başgicəllənmədən şikayətçidirlər.
Eyni simptomlar koronavirus infeksiyasına yoluxmamış insanlarda da müşahidə edilə bilər. Ona görə alimlər məhz virusun doğurduğu uzunmüddətli fəsadları tam dəqiqləşdirməkdə, məsələyə birmənalı aydınlıq gətirməkdə çətinlik çəkirlər”.
Məqalədə Şotlandiyanın Qlazqo Universitetində aparılan yeni tədqiqatın diqqət cəlb etdiyi vurğulanır. Bildirilir ki, bu tədqiqat koronavirus infeksiyasının inkişaf tempini, xüsusiyyətlərini, uzunmüddətli təsirini dərk etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunur ki, Qlazqo Universitetinin alimləri COVİD-19 diaqnozu qoyulmuş 33 mindən çox adamın və bu virusa heç vaxt yoluxmamış 63 minə yaxın pasiyentin xəstəlik tarixçəsini, tibbi məlumatlarını araşdırıblar: “Nəticədə koronavirusa yoluxmuş adamların 6 faizə qədərinin əslində sağalmadığı,  42 faizinin isə yalnız qismən sağaldığı bəlli olub.
Başqa tədqiqatlar kimi Qlazqo Universitetinin araşdırması da infeksiyaya yoluxanların xeyli hissəsinin sağalandan sonra uzun müddət bir və ya bir neçə simptomdan əziyyət çəkdiyini təsdiqləyib.
Niderland alimlərinin apardığı, nəticələri bu ilin avqustunda dərc edilən araşdırma isə koronavirus xəstəliyi keçirmiş hər 8 nəfərdən birində infeksiyanın simptomlarının davam etdiyini üzə çıxarıb.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bu yaxınlarda apardığı geniş tədqiqat koronavirusdan sağalmış 18-64 yaş arası adamların hər 5 nəfərindən birində, habelə yaşı 65-i keçmiş hər 4 pasiyentdən birində infeksiyanın ən azı bir simptomunun qaldığını göstərib.
Nəticələri aprel ayında açıqlanmış digər bir araşdırma zamanı pasiyentlərin 43 faizində infeksiyanın fəsadlarının qaldığı müəyyən edilib.
Almaniyada COVİD-19 infeksiyasına yoluxmuş insanların 28,5 faizində xəstəliyin simptomları davam edir – bunu da nəticələri yaxın günlərdə dərc edilmiş tədqiqat üzə çıxarıb”.
“Vaşinqton Post” bir daha vurğulayır ki, hazırda infeksiyanın hansı fəsadlarının, problemlərinin davam edəcəyi barədə dəqiq fikir söyləmək çətindir: “Ancaq hər halda ümumi qanunauyğunluqlar ortaya çıxmaqdadır. Şotlandiyalı mütəxəssislərin araşdırmasına əsaslansaq, bu qanunauyğunluqlardan biri də odur ki, virusun sonrakı fəsadlarının COVİD-19 infeksiyası diaqnozu ilə xəstəxanaya düşmüş qadınlarda, qocalarda və maddi durumu aşağı olan pasiyentlərdə daha uzun sürməsi riski var.
Qlazqo Universitetinin tədqiqatına görə, peyvəndlənən pasiyentlərdə xəstəliyin uzunmüddətli simptomlarından 7-nin qalması riski daha aşağı səviyyədədir.
Universitet alimləri koronavirusun 26 uzunmüddətli simptomunu araşdırıblar. Onlar aşkar ediblər ki, koronavirus keçirmiş adamlar virusa yoluxmayanlarla müqayisədə həmin 26 simptomun 24-dən daha çox əziyyət çəkirlər.
Söhbət əsasən təngnəfəslikdən, ürək çırpıntılarından, sinə ağrılarından və yaddaş pozğunluğundan gedir.
Ümumən götürsək, koronavirusa yoluxanlar üzərində müşahidə aparan tədqiqatçılar xəstəlikdən 6, 12 və 18 ay sonra onlarda daha çox yorğunluq, baş ağrısı, əzələ, oynaq ağrıları, halsızlıq, təngnəfəslik, həyəcan və depressiya simptomlarının davam etdiyini, belə insanların fikrini bir yerə cəmləməkdə çətinlik çəkdiyini qeydə alıblar”.
“Vaşinqton Post” yazır: “Koronavirus xəstəliyi keçirmiş hər 5 nəfərdən birində infeksiyanın uzunmüddətli fəsadlarının müşahidə olunması pandemiyanın dünyada virusa yoluxmuş 623 milyon insandan 124 milyonunun səhhətində iz buraxması deməkdir. Bu, səhiyyə sistemi üçün ağır yükdür.
Bütün bunlar psixoloji sağlamlığa, əlilliklə bağlı məsələlərə də təsirsiz ötüşə bilməz. Pandemiyanın uzunmüddətli fəsadlarının iş yerlərində, təhsil sistemində hiss olunacağı da şəksizdir.
Pandemiya başa çatandan sonra dünya hələ xeyli müddət koronavirusdan əziyyət çəkmiş nəslin müalicəsi, bu nəslin problemlərinin həlli üzərində baş sındırmalı olacaq”.
Mənbə: Washingtonpost.comскачать dle 12.1