Bia.Az

"İran Rusiyaya dronlar verib" - ABŞ sanksiyalarla hədələyir

Dünya
 3-08-2022, 14:26     238

İran artıq Rusiyaya ilk hücum dronlarını çöl sınaqları üçün göndərə bilər. Bunun müqabilində isə Tehran  Rusiyanın Su-35 təyyarələrini ala bilər.


Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun avqustun 2-nə olan hesabatında deyilir. Məlumatlar hələ ki, təsdiqini tapmayıb.
ABŞ-ın açıq mənbəli kəşfiyyatının (OSINT) Tvitter hesabında qeyri-rəsmi İran mənbələrinə istinadən İranın Rusiyaya bir qrup PUA göndərdiyi bildirilir. Həmçinin bildirilir ki, İran Rusiya təyyarələrinin istifadəsi və təmiri üzrə təlim keçəcək iranlı pilot və texnikləri də Rusiyaya göndərib.
"İnstitut müstəqil olaraq bu iddianı təsdiq edə bilməsə də, bu məlumatlar Tehran və Moskvanın Rusiya və İrana qarşı beynəlxalq sanksiyalardan yan keçmək və Rusiyanın Ukraynadakı əməliyyatlarını dəstəkləmək üçün aviasiya əməkdaşlığını genişləndirməsi ilə bağlı son xəbərlərə uyğundur",- deyə institutun hesabatında deyilir.
İyulun 26-da Moskva ilə Tehran arasında imzalanan müqavilənin bir hissəsi ola biləcək pilotsuz təyyarələr müqabilində İranın Rusiyanın Su-35 təyyarələrini ala biləcəyi ehtimal edilir.
Xatırladaq ki, saziş İranın Rusiyaya sərnişin reyslərinin həcmini artırmağı və əlavə olaraq Rusiya təyyarələrini təmir etməyi nəzərdə tuturdu. Tehran bu razılaşmadan Rusiya döyüş təyyarələrinin alınmasını asanlaşdırmaq üçün istifadə etməyə cəhd edə bilər.
Qeyd edək ki, əvvəllər mətbuatda İranın Rusiyaya bir sıra hücum pilotsuz təyyarələri ötürməsi barədə məlumatlar yayılıb.
Hərbi yardımın Xəzər dənizi vasitəsilə göndərildiyi, daha sonra isə Həştərxan və Volqoqrad vasitəsilə Rusiya Federasiyasının Ukrayna ilə sərhədinə çatdırılacağı bildirilir.
Qeyd edək ki, iyun ayında Rusiya nümayəndə heyəti iki dəfə İrana səfər etmişdi və burada onlara Şahed-191 və Şahed-129 döyüş pilotsuz uçan aparatları göstərilmişdi. ABŞ əmin edib ki, pilotsuz təyyarələr Rusiyaya verilərsə, o zaman İrana qarşı yeni sanksiyalar tətbiq olunacaq.
İran həmçinin aviasiya sənayesi üçün hissələri və avadanlıqları Rusiyaya ixrac etmək qərarına gəldiyini açıqlayıb. Bundan əlavə, Rusiya təyyarələri bu ölkədə təmirdən keçəcək.
İranın ali dini lideri Əli Xameneyi isə Rusiya prezidenti Vladimir Putinlə bu yaxınlarda apardığı danışıqlarda Rusiya qoşunlarının Ukraynaya daxil olmasına haqq qazandırıb.скачать dle 12.1