Bia.Az

Çin hökumətinin uyğurlara hücumu – “Nyu-York Tayms”

Dünya
 11-11-2021, 16:36     239

“Nyu-York Tayms” qəzeti ABŞ-ın Holokost Memorial Muzeyinin Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı hesabatı barədə yazı dərc edib.

Holokost Memorial Muzeyinin noyabrın 9-da yaydığı hesabatda Çin hökumətinin Sincan əyalətində yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub.
Muzey öz hesabatını “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlandırıb.
Novator.az saytının məlumatına görə, muzeyin Soyqırımının Qarşısının Alınması Mərkəzinin direktoru Naomi Kikoler “Nyu-York Tayms”a deyib ki, onlar Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar.
Naomi Kikoler Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığını vurğulayıb. O deyib ki, uğurlara, onların ailələrinə vurulan zərbələr dərin fiziki və emosional izlər buraxıb.
59 səhifəlik hesabat əsasən şahidlərin, hüquq müdafiəsi qruplarının məlumatlarına, açıq mənbələrdəki informasiyalara söykənir.
Sənəddə uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı ayrıca qeyd olunub.
Hesabatda 2018-ci ilin martında Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunda əsir düşərgəsində saxlanan bir uyğur qadının döyülməsi və cinsi təcavüzə məruz qalması hadisəsi təsvir edilib və həmin qadının bu sözləri verilib: “Mən o hadisəni unuda bilmirəm. Nə ağlaya bilirəm, nə də ölə bilirəm. Mənim qəlbim, ruhum məhv olub”.
Holokost Memorial Muzeyi hesabatında uyğurlara qarşı törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması yollarından da bəhs olunub. Hesabat müəllifləri Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutublar və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıblar.
Muzeyin vicdan məsələləri komitəsinin sədri Tom Bernstayn “Nyu-York Tayms”a bildirib ki, Çin hökuməti uyğurlara qarşı törədilən cinayətlər haqda informasiyaların işıq üzü görməməsi üçün əlindən gələni edir: “Cəsarətli uyğur fəllarından əldə olunan sənədər də daxil olmaqla, indiyə qədər ortaya çıxan məlumatlar dəhşət doğurur. Çin hökuməti uyğur xalqına qarşı hücumları dayandırmalı, eləcə də araşdırma aparılması, cinayətlərə son qoyulması üçün müstəqil beynəlxalq müşahidəçilərin fəaliyyətinə imkan yaratmalıdır”.
“Nyu-York Tayms” xatırladır ki, bir çox ölkə, o cümlədən ABŞ Çin hökumətinin uyğurlara qarşı siyasətini soyqırımı kimi qiymətləndirir.
İnsan haqları təşkilatları həmçinin Çinin müsəlman azlığa qarşı qeyri-insani rəftarına görə 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə çağırır.скачать dle 12.1