Bia.Az

"Bayden və Putin gözlədikləri nəticələri əldə etdilər" - Brayza

Dünya
 18-06-2021, 00:09     232

"ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin Cenevrə zirvə görüşündə özləri üçün gözlədikləri nəticələri əldə etdilər".

Bu fikirləri “Report”a ABŞ Atlantik Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayza iyunun 16-da ABŞ və Rusiya prezidentləri arasında Cenevrədə keçirilmiş zirvə görüşünü şərh edərkən bildirib.
Brayza hesab edir ki, Vladimir Putinin nöqteyi-nəzərindən zirvə görüşünün gözlənilən nəticələri əldə edilib. Söhbət Rusiyanın qlobal səviyyəsinin və strateji əhəmiyyətinin artırılmasından gedir ki, bu, həm də daxili siyasət üçün faydalı ola bilər.
“Hesab edirəm ki, Co Baydenin nöqteyi-nəzərindən də zirvə görüşünün gözlənilən nəticələri əldə edilib. Prezident Bayden ciddi məsələləri qaldıracağını demişdi və o, bu fikirləri çatdırmağı bacardı. Görüşdən çıxarkən fikir mübadiləsinin nə dərəcədə konstruktiv keçdiyini bir neçə dəfə vurğuladı. Putin də eyni sözləri dedi: “Bəli, fikir mübadiləsi konstruktiv keçdi”. Bu səbəbdən, nəticə Bayden üçün də uğurludur”, - o əlavə edib.
Zirvə görüşündən öncə Baydenin Rusiya ilə sabit və proqnozlaşdırılan münasibətlərin təmin olunması ilə bağlı qarşıya qoyduğu məqsədə gəlincə, Brayza hesab edir ki, Cenevrə görüşünün bu münasibətlərə gətirib çıxaracağından danışmaq üçün hələ çox tezdir.
Onun fikrincə, ilk baxışdan iki ölkə arasında münasibətlər kənardan sakit görünsə də, lakin müəyyən gərginlik qala bilər: “Düşünürəm ki, prezidentlər arasında cəmi bir görüş ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını heç cür yumşalda bilməz”.
“Hesab edirəm ki, zirvə görüşü rəsmi Vaşinqton və Moskva arasında zahiri gərginliyi bir qədər azalda bilər. Zahiri dedikdə, mən üzdən görünən gərginliyi nəzərdə tuturam”, - o əlavə edib.
Brayza həmçinin hesab edir ki, prezident Baydenin Cenevrə görüşündəki çıxışı Donald Trampın Helsinki görüşündəki çıxışından xeyli yaxşı idi. Onun fikrincə, prezident Bayden əvvəlcə ABŞ-ın ən böyük müttəfiqi olan Böyük Britaniyaya yollanaraq “Böyük yeddilik” çərçivəsində tam həmrəyliyini ifadə etməklə, daha sonra Avropa Birliyi rəhbərlərinin və NATO-nun zirvə görüşlərinə qatılmaqla, habelə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməklə zirvə görüşünə hazırlıq üzrə böyük iş görüb.
O hesab edir ki, son nəticədə Bayden Putinə öz fikrini çatdıra, Putin isə Rusiyanın dünya arenasındakı səviyyəsini yüksəldə bilib.скачать dle 12.1