Bia.Az

ABŞ İranın 1 milyon barreldən artıq neftini ələ keçirərək satıb

Dünya
 16-02-2021, 10:24     214

“Əl-Cəzirə” telekanalı ABŞ-ın xam neft daşıyan İran tankerinin yükünü əlindən alaraq satdığı haqda xəbər yayıb. Novator.az saytı “Əl-Cəzirə”nin saytında yerləşdirilən məlumatı ingiliscədən çevirərək təqdim edir.
1 milyon barreldən artıq xam neft daşıyan İran gəmisi ABŞ-da limana yaxınlaşarkən saxlanılıb. ABŞ Ədliyyə Nazirliyinin rəsmisi bildirib ki, İranın duru yanacağına sanksiyalar tətbiq edən Vaşinqton ələ keçirdiyi həmin xam nefti satıb.
Neftin ələ keçirilib satılması İrana tətbiq olunan sərt iqtisadi sanksiyaların bir hissəsidir. Sanksiyalara səbəb isə İranın nüvə proqramını davam etdirməsi və Vaşinqtonun on illərdir amerikalılarla ədavət aparan bir sıra İran qruplarını “terrorçu” kimi tanımasıdır.
İran ABŞ-ın nüvə proqramı və terrorizmlə bağlı ittihamlarını rədd edir.
Ötən il, Donald Trampın prezidentliyi dövründə ABŞ administrasiyası İrandan Venesuelaya dörd tankerlə göndərilən benzini ələ keçirmiş və bu zaman mülki müsadirə prosedurlarından yararlanmışdı. Həmin dörd tankerdə ümumilikdə 1,2 milyon barrel həcmində benzin vardı.
İndi saxlanılan İran tankerindəki 1 milyon barreldən artıq xam neft ABŞ gəmilərinə yüklənib və dərhal satışa çıxarılıb. Əldə olunan gəlirin Terrorizmi Dəstəkləyən Dövlətlərin Qurbanlarına Yardım Fonduna verilməsi nəzərdə tutulub.
ABŞ Ədliyyə Nazirliyinin sözçüsü Mark Raimondi “Reuters” xəbər agentliyinə açıqlamasında deyib ki, İran gəmisindən ələ keçirilən xam neftin satışı başa çatıb və hazırda ABŞ hökuməti yekun xərcləri müzakirə edir: “Neft ələ keçirildi və bazardakı cari dəyərini itirməmiş satışa çıxarıldı. İndi məsələyə nəzarəti ABŞ-ın Marşallar Xidməti həyata keçirir. Yanacağa dəqiq qiymət qoyulmamışdı, amma yəqin ki, Avropanın baza qiymətlərinə uyğun olaraq on milyonlarla dollar dəyərində idi”.
Raimondi deyib ki, neft məhkəmənin müsadirə qərarı olmadan satışa çıxarılıb. Müsadirə haqda qərarın verilməsi üçün hələ ABŞ-da yerli məhkəmə keçirilməlidir: “Məhkəmə müsadirə haqda qərar versə, vəsait Terrorizmi Dəstəkləyən Dövlətlərin Qurbanlarına Yardım Fonduna köçürüləcək”.
Bu fondu ABŞ hökuməti 2015-ci ildə, “terrorizmi dəstəkləyən dövlətlər” kimi tanıdğı dövlətlərdən zərər görmüş şəxslərə təzminat ödəmək üçün yaradıb.
Yükü əlindən alınmış İran tankeri Liberiya bayrağı altında üzürmüş. Gəminin adı “Axilles”dir (“Achilleas”). Tankerə yüklənmiş İran yanacağı sonuncu dəfə Karib dənizi sularında qeydiyyatdan keçib. Cədvəl üzrə gəmi fevralın 15-də ABŞ-ın Texas ştatındakı Qalveston Körfəz limanına çatmalıydı.
Texas tərəfi bəyan edib ki, onların “Axilles”dən – gəminin hara çatmasından və yükü kimin boşaltmasından xəbərləri yoxdur.
Vaşinqtonla Tehran arasında münasibətlər 2017-ci ilin yanvarından 2021-ci ilin yanvarınadək ABŞ-a prezidentlik etmiş Donald Trampın dönəmində daha da pisləşib.
2015-ci ildə İran və altı dövlət nüvə anlaşması imzalamışdı. Trampın dövründə ABŞ bu sazişdən çıxıb və Tehrana qarşı çoxlu sanksiya tətbiq edib. 2020-ci ilin yanvarında isə İranın elit Qüds Qüvvələrinin başçısı havadan endirilən zərbə ilə öldürülüb.
ABŞ-ın yeni prezidenti Cozef Bayden 2015-ci il nüvə razılaşmasının şərtlərinə riayət edəcəyi təqdirdə İranla diplomatik əlaqələrin bərpasını mümkün sayır. Amma bugünlərdə Bayden açıqlayıb ki, Tehran sazişin yenilənməsini müzakirə etmək üçün danışıq masasına oturmasa, ABŞ İrana tətbiq olunan iqtisadi sanksiyaları ləğv etməyəcək.скачать dle 12.1