Bia.Az

Kennedinin “İnstagram” hesabı niyə silinib?

Dünya
 12-02-2021, 08:36     353

Məşhur vaksin əleyhdarı Robert F.Kennedinin “İnstagram” hesabı silinib.

“İnstagram” şəbəkəsini “Facebook” şirkəti idarə edir.

BİA.AZ xəbər verir ki, Novator.az-ın məlumatına görə, “Facebook” rəhbərliyi Kennedinin “İnstagram” profilinin sildiyini təsdiqləyib və bəyan edib ki, bu addım vaksinlər barədə paylaşılmış saxta məlumatların ləğvi istiqamətində görülən tədbirlər çərçivəsində atılıb. Belə ki, Robert Kennedi koronavirus vaksinləri və onların təhlükəsizliyi barədə dəfələrlə saxta məlumat paylaşıb. “Facebook” şirkəti isə öz tabeliyində olan onlayn platformalarda koronavirus vaksinləri haqqında saxta məlumatların, uydurma fərziyyələrin qarşısının alınması istiqamətində ciddi tədbirlər görür.
Kennedinin rəhbərliyi altında fəaliyyət göstərən “Uşaqların sağlamlığının müdafiəsi” qrupu tamamilə əsassız şəkildə uşaqlarda yaranan xroniki xəstəlikləri vaksinlərlə əlaqələndirir.
“Facebook” şirkətinin sözçüsü bildirib ki, Kennedinin “İnstagram” hesabında bu mövzuda, koronavirus və vaksinlər barədə dəfələrlə dəlil-sübutsuz iddialar irəli sürülüb.
Kennedi vaksinlər və koronavirusun müalicəsi barədə saxta və təhlükəli məlumatları özünün “Facebook” profilində də yayıb. Amma onun “Facebook”dakı səhifəsi hələ aktivdir.
“Facebook” şirkətinin sözçüsü deyib ki, şirkət müxtəlif platformalarda istifadəçiləri avtomatik bloklaya bilmir.
2019-cu ildə aparılan araşdırma nəticəsində məlum olub ki, “Facebook”da vaksinlər barəsində saxta məlumat yayan elanların əksərini iki qrup maliyyələşdirib.
Bunlardan birincisi Kennedinin rəhbərlik etdiyi “Uşaqların sağlamlığının müdafiəsi” təşkilatdır. Təşkilat 2016-cı ildən fəaliyyət göstərir.
Digəri isə “Məcburi vaksinasiyaya stop” layihəsidir. Layihəyə vaksin əleyhdarı Larri Kuk rəhbərlik edir.
“Facebook” və “İnstagram” sosial şəbəkələrində həm koronavirus vaksinləri, həm də digər vaksinlər barədə saxta məlumat və uydurma fərziyyələrin yayılmasına qarşı mübarizə aparılır. Ötən ilin dekabrında “Facebook” şirkəti koronavirus vaksinləri barədə bütün əsassız məlumatları siləcəyini vəd etmişdi. Bu həftə şirkətin nümayəndələri bildiriblər ki, onlar koronavirus vaksinləri ilə yanaşı digər vaksinlər barədə yayılan yanlış məlumatlara qarşı mübarizə aparmağı da planlaşdırırlar.
Şirkətin yeni qaydaları istifadəçilərin paylaşımları ilə yanaşı, ödənişli elanlara da tətbiq olunacaq.
Vaksin əleyhdarlarının sayının artmasında “Facebook” qruplarının rolu böyükdür. “Facebook”un dezinformasiyaya qarşı mübarizə siyasəti həyata keçirməsinə baxmayaraq, şirkətə məxsus sosial şəbəkələrdə hələ də vaksinlər və koronavirus barədə uydurma fərziyyələr, saxta məlumatlar qalır.
Robert F.Kennedi ABŞ-ın keçmiş baş prokuroru Bobbi Kennedinin oğlu, ABŞ-ın sabiq prezidenti Con Kennedinin qardaşı oğludur.
Robert Kennedi vaksinlər barədə saxta məlumat yaydığına görə öz ailə üzvlərinin, bacı-qardaşının və digər qohumlarının da tənqidlərinə məruz qalıb. Yaxınları Kennedinin paylaşdığı məlumatların tamamilə əsassız olduğunu bildiriblər.
Mənbə: Theguardian.comскачать dle 12.1