Bia.Az

Putinə inam azalıb – “Levada” mərkəzi

Dünya
 8-02-2021, 02:51     343

Bu il yanvarın sonu, fevralın əvvəlində Rusiyada prezident Vladimir Putinə inananların sayı ötən ilin payızı ilə müqayisədə azalaraq 29%-ə düşüb.

Novator.az-ın məlumatına görə, bunu “Levada” mərkəzinin keçirdiyi yeni sorğunun nəticələri göstərib.
Sorğu yanvarın 29-dan fevralın 2-dək Rusiyanın bir sıra şəhər və kəndlərində, ümumilikdə 137 yaşayış məntəqəsində keçirilib.
Sorğuda yaşı 18-dən yuxarı olan 1616 nəfər iştirak edib.
“Levada”nın əməkdaşları respondentlərlə onların evlərində görüşüblər. Sorğu fərdi müsahibələr üsulunda aparılıb.
“Levada”nın 2020-ci ilin oktyabr ayında keçirdiyi sorğuda respondentlərin 34%-i Rusiya prezidentinə inandığını söyləmişdi.
2020-ci ilin iyul ayında isə Putinə inananların sayı 23% olmuşdu.
Göründüyü kimi, Putinə inam arada artıb-azalır. Amma “Levada” bildirir ki, ümumiyyətlə son iki ildə əvvəlki dövrlərlə müqayisədə Putinə inananların sayı azdır.
“Levada”nın keçirdiyi sorğularda Rusiya prezidentinə inam ən yüksək həddə 2015-ci ildə olub – 80%.
2017-ci ildə bu göstərici 59%-ə düşüb.
Sonrakı illərin göstəriciləri bundan aşağıdır.
Amma Rusiyada Putinə inananların sayı hələ də ölkənin başqa siyasətçilərinə inananların sayından çoxdur.
Məsələn, 2021-ci il yanvarın 29-dan fevralın 2-dək keçirilən son sorğuda baş nazir Mixail Mişustinə respondentlərin 12%-i, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskiyə 10%-i inandığını söyləyib.
Sonrakı yerlərdə müdafiə naziri Sergey Şoyqu (8%), xarici işlər naziri Sergey Lavrov (7%), hazırda həbsdə olan müxalif lider Aleksey Navalnı (5%), Kommunist Partiyasının sədri Gennadi Züqanov (4%) və başqaları gəlir.


Mənbə: Levada.ruскачать dle 12.1