Bia.Az

ERMƏNİSTANDA ORDU GÜNÜ MATƏM VƏ DİDİŞMƏ GÜNÜNƏ ÇEVRİLDİ - Katalikos da dövlətin işinə “burnunu soxub”...

Dünya
 28-01-2021, 23:01     138

Ermənistanda hər il böyük təmtəraqla qeyd edilən 28 yanvar ordu günü bu dəfə bayram yox, daha çox matəm gününü xatırladıb. 44 günlük müharibədə hələ də dəqiq sayı bilinməyən, lakin müxtəlif hesablamalara görə, 5.000-10.000 nəfər itki verən ölkədə bu gün əsas etibarilə həlak olanların qəbirləri ziyarət olunub.

Lakin erməni siyasi elitası kifayət qədər həssas olan bu gündə də didişmədən yan keçə bilməyib. İlk olaraq, ordu günü ərəfəsində hərbi cani, Qarabağ münaqişəsinin, eləcə də təkcə azərbaycanlıların deyil, elə minlərlə erməninin də ölümünə baiskar olan Robert Koçaryan mətbuata müsahibə verərək, onsuz da gərgin olan siyasi gündəmi bir qədər də qızışdırıb.
Koçaryan müsahibəsində növbəti dəfə hakimiyyəti satqınlıqda və bacarıqsızlıqda günahlandırıb və satqınlar siyahısına qondarma “Dağlıq Qarabağ”ın “prezidenti” Araik Arutunyanı da əlavə edib. 
Qeyd edib ki, müharibə günlərində Azərbaycan tərəfi Arutunyanın iqamətgahını vurmayıb. Onun məntiqinə görə, əgər belədirsə, deməli Arutunyan satılıb və “Azərbaycan onu qoruduğu üçün” iqamətgahı hədəf almayıb.
Daha sonra Koçaryan növbədənkənar seçkidə mütləq iştirak edəcəyini və qalib gələcəyini bildirib. Azərbaycanın Qarabağda ələ keçirdiyi “hərbi əsirlər” barədə danışan sabiq prezident deyib ki, rəsmi Bakı Paşinyanın “burnundan tutub”, istədiyi tərəfə sürüyür.
Hakimiyyətin Azərbaycan qarşısında tamamilə əyildiyini deyən Koçaryan bildirib ki, belə miskin psixoloji durumda olan hökumət Ermənistanın maraqlarını müdafiə edə bilməz.

Onun fikrincə, Azərbaycanın özü “hərbi əsirlər”ə görə hər nə qədər təzyiq altında olsa da, onları qaytarmağa tələsmir. Çünki bunun qarşılığında Paşinyandan Ermənistandan Qarabağa bir daha hərbçi göndərməməsini, Qarabağdakı hərbi qüvvələri isə oradan çıxarmasını tələb edir. O, qeyd edib ki, bununla da Azərbaycan “Artsax”ı ordusuz qoymaq istəyir.
Paşinyanı ittiham etməklə “ürəyi soyumuyan” hərbi cani erməni xalqını da hədəfə alıb. Ermənilərin hakimiyyətə qarşı etirazlara qalxmamasını “həzm edə” bilməyən Koçaryan xalqın elə hazırkı duruma layiq olduğunu söyləyib: “Əgər bizim xalq buna dözürsə, deməli biz buna layiqik”.
Ordu günü münasibətilə “Erablur” qəbristanlığına gedən Baş nazir Nikol Paşinyan isə nə qədər çalışsa da, bu səfərini mümkün qədər gizli saxlaya bilməyib və müxalif yönlü jurnalistlərin hücumuna məruz qalıb. Jurnalistlərdən biri ondan parlamentdə Şuşanın Azərbaycana məxsus olduğuna dair söylədiyi fikirlərə görə izahat istəyib.

Paşinyan cavabında deyib: “Mən harada belə söz demişəm? Siz mənim dediyimi sitat şəklində kağıza yazıb verin və mən sizə canlı efirdə cavab verim.”
Bir sözlə, parlamentdə söylədiklərindən imtina etməyə çalışan Paşinyanın bu cavabı onu növbəti dəfə müxalif siyasi qüvvələrin hədəfinə gətirib.
Həmin gün daha bir hərbi cani, Ermənistanın Paşinyandan əvvəlki rəhbəri Serj Sarqsyan da haradansa peyda olub və erməni ordusunun qalıqlarına müraciət ünvanlayıb. O da hakimiyyəti hədəf alaraq, ordunun “arxadan vurulduğunu” deyib və buna baxmayaraq, onun nə vaxtsa dirçələcəyinə dair hədyanlar söyləyib.

Ordu günü “Erablur”a gələnlər arasında ermənilərin katalikosu Qaregin də olub. “Belə müqəddəs yerdə siyasətdən danışmaq istəmədiyini” bildirsə də, ermənilərin baş keşişi yenə də özünü dövlətin işinə “burun soxmaqdan” saxlaya bilməyib
Jurnalistlərin suallarına cavab verən Qaregin deyib ki, onun Paşinyanın istefasına dair tələbi qüvvədə qalır.
Bir sözlə, ermənilərin ordu günü əsl matəm və didişmə gününə çevrilib. Uzun illər erməniləri boş, yalan xülyalarla yemləyən koçaryanlar, sarqsyanlar və digər yanlar isə bu gün Ermənistanın qaçılmaz olan məğlubiyyətinə görə bütün məsuliyyəti Paşinyanın üstünə atmağa çalışırlar. Başqa vaxt heç kimi bəyənməyən erməni toplumu da hələ ki, ağzını açıb baxır...
Cəlalскачать dle 12.1