Bia.Az

Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?

Dünya
 16-01-2021, 17:44     96

Qərbdə bir çoxları düşünür ki, yanvarın 6-da Vaşinqtonda törədilən xaos, ABŞ Konqresinin binasına (Kapitoliyə) edilən hücum Rusiya prezidenti Vladimir Putin başda olmaqla dünyanın bütün despotları və avtokratları üçün göydəndüşmə bir hadisədir. ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Kapitoliyə basqını Rusiya prezidentinə hədiyyə kimi qiymətləndirəndə də bunu nəzərdə tutub.Ancaq Böyük Britaniyanın Oksford Universitetinin müəllimi, postsovet məkanı, xüsusilə çağdaş Rusiya üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Ceyd Makqlin fərqli fikirdədir.

Novator.az saytının məlumatına görə, Ceyd Makqlin hesab edir ki, Qərbi xaosda görmək əslində Rusiya prezidenti Vladimir Putinə üzdə sərf edir, həqiqi Putin – avtokrat Putin üçün bu, o qədər də sərfəli deyil.
Ceyd Makqlinin fikrincə, Kapitoliyə edilən basqından çox “Twitter” və başqa sosial şəbəkələrin ABŞ prezidenti Donald Trampa qoyduğu qadağalar Rusiya hakimiyyətinə sərf edir, çünki Kreml ilk növbədə bu qadağalardan öz əleyhdarlarını susdurmaq üçün əlavə bəhanə kimi yararlanacaq.
Ceyd Makqlin bu fikirlərini Böyük Britaniyanın siyasi təhlillər üzrə ixtisaslaşmış “CapX” onlayn qəzetində dərc etdirdiyi “Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?” başlıqlı məqaləsində açıqlayıb.
Müəllif yazır: “Amerikanın uğursuzluğunu lağa qoyan Rusiyanın hakimiyyətə bağlı KİV-lərinin məqsədi, əlbəttə, aydındır. Məsələn, “Rossiyskaya qazeta” 6 yanvarı Amerika tarixində dönüş nöqtəsi kimi xarakterizə edərək bildirib ki, bir zamanlar həmrəy olan, özünə güvənən bu “müstəsna” milləti indən belə bir araya gətirmək mümkün olmayacaq.
“Komsomolskaya pravda”da gedən “Rəngli inqilabın bumeranqı geri dönür” başlıqı yazıda isə ABŞ-ın postsovet məkanında baş qaldırmış xalq qiyamlarını dəstəklədiyi xatırladılır, həmçinin qeyd olunur ki, Rusiya o qiyamlara həmişə çevriliş kimi baxıb.
Uzun müddətdir Rusiyanın həm yerli, həm də xaricdəki dövlət mediası Qərbin zəif tərəflərindən sui-istifadə edib liberal demokratiyanı sarsıtmağa və Putinin avtokratik kleptokratiyasına haqq qazandırmağa çalışır. Konqres binasına edilən basqınla Qərb əleyhinə aparılan təbliğat üst-üstə düşür. Rusiya Dövlət Dumasının xarici işlər komitəsinin sədri Leonid Slutski söyləyib ki, bu hadisədən sonra Amerika artıq öz seçki standartlarını digər ölkələrə tətbiq edə, yaxud dünyanın demokratiya işığı olduğunu iddia edə bilməyəcək.
Lakin Kremlin hadisəyə reaksiyasını heç də tam sevincək reaksiya saymaq olmaz. Təsadüfi deyil ki, Rusiyanın xəbər agentliklərinin əksəriyyəti ABŞ-dakı qiyamçıları həm də qınamaqla məşğul olub və hakimiyyəti zorla ələ keçirmək cəhdlərinin qəbuledilməzliyini vurğulayıb. Bu, əslində, Putin və ətrafının yersiz siyasi zorakılıqdan narahatlıq keçirdiyini göstərir”.
Ceyd Makqlin yazır ki, ədalətli seçkiləri, söz azadlığını və qanunun aliliyini çoxdan heçə sayan Putin avtokrat bir lider kimi sabitliyə və varislik prinsipinin davam etməsinə böyük əhəmiyyət verir: “O, kütləvi müxaliflik təəssüratı doğuran hər şeyi daima açıq şəkildə tənqid edir, onun hökuməti isə yadfikirliliyi amansızcasına təqib etməkdədir.
ABŞ-ın Konqres binasında baş verən hadisələri Putin, yaxud onun qurduğu sistem (tanınmış rus analitiklərindən birinin “kollektiv Putin” adlandırdığı sistem) üçün birmənalı şəkildə qələbə kimi qiymətləndirmək düzgün deyil. İğtişaşları görən rus isteblişmentinin keçirdiyi hissləri belə ifadə etmək daha doğru olardı: “Vəziyyət qəlizdir”.
Gələcək perspektivlər baxımından Kremlin əsl qələbəsi Kapitoli üsyanında deyil, “Twitter” və digər sosial media platformalarının prezident Donald Trampa qoyduğu qadağalardadır. Məhz buna görədir ki, rus müxalifətçilərin əksəri “Twitter”in Trampın hesabını bağlamasını vətəndaşların söz azadlığı və müstəqil mediaya çıxış haqqını əlindən alan Kreml rejimini və bu kimi başqa rejimləri cəsarətləndirən bir addım kimi xarakterizə edir və qınayır”.
Ceyd Makqlinin sözlərinə görə, Rusiya xəbər agentliklərinin qara siyahıya saldığı bir çox müxalifətçi üçün sosial media son sığınacaqdır, yalnız sosial media vasitəsilə onlar özlərinə auditoriya toplaya bilirlər: “Rusiyalı müxalif lider Aleksey Navalnı məhz bu arqumentləri əsas götürərək “Twitter”in qadağasını amerikalı liberalları susdurmaq üçün tutarsız, siyasiləşmiş addım kimi qiymətləndirib. Navalnı xatırladıb ki, “Twitter”də onu dəfələrlə öldürməklə hədələyiblər. Amma buna qadağa qoyulmayıb, Trampa isə qadağa qoyulur.
Müxalifətçi rusların bir çoxu düşünür ki, “Twitter”in və digər sosial şəbəkələrin Trampa qoyduğu qadağalar güclünün öz düşmənini hədəf almaq üçün seçdiyi metoddur və bu da Putin Rusiyasına xas bir üsuldur”.
Ceyd Makqlinin yazdığına görə, rus müxalifətçilərin fikir azadlığı məhdudiyyətinə qarşı göstərdiyi həssaslıq Qərb liberalları ilə onların rus həmkarları arasında böyük bir uçurum yaradıb: “Rusiya siyasətçilərinin və KİV-lərinin Kapitoliyə basqın haqda açıqlamaları göstərir ki, bu hadisəni Kreml üçün birmənalı hədiyyə kimi qiymətləndirmək olmaz. Ən düzgünü bunu həm hədiyyə, həm də yeni başağrısı kimi qiymətləndirməkdir. Amma “Twitter”də Trampa qoyulan qadağanın Kremlin işinə yarayacağını əminliklə demək olar. Rusiya rejimi hesab edir ki, o daima qalib gəlməli, rəqibləri isə əzilməlidir. Belə bir əzici rejim utanıb-çəkinmədən “Twitter”in Trampa qoyduğu qadağadan öz xeyrinə yararlana bilər”.
2020-ci il noyabrın 3-də ABŞ-da prezident seçkisi keçirilib. Ümumxalq səsverməsində Demokratlar Partiyasının namizədi Cozef Bayden 538 nəfərlik Seçicilər Kollegiyasına 306, Respublikaçılar Partiyasının namizədi Donald Tramp isə 232 nümayəndə qazanıb.
Dekabrın 14-də Seçicilər Kollegiyasında səsvermə də 306:232 səs nisbəti ilə Cozef Baydenin xeyrinə yekunlaşıb.
2021-ci il yanvarın 6-da Konqres səsvermənin yekununu təsdiqləməyə topalşıb. Lakin Donald Trampın bir qrup tərəfdarı Konqres binasına hücum çəkib. Onlar binanı ələ keçirərək səsvermə prosesini pozublar. İğtişaşlar zamanı bir neçə nəfər həlak olub, 50-dən çox adam həbs edilib.
Konqres seçkinin nəticəsini yalnız yanvarın 7-də təsdiqləyə bilib.
4 ildir ABŞ prezidenti postunu tutan və bu il yanvarın 20-də hakimiyyəti Cozef Baydenə təhvil verməli olan Donald Tramp ölkənin bir çox ştatında seçkinin nəticələrinin saxtalaşdırıldığını iddia edir. Eyni təbliğatı onun tərəfdarları da aparır.
Yanvarın 6-da Vaşinqtonda iğştişaşlar baş qaldırandan bir neçə saat sonra prezident Donald Trampı hadisələrin əsas baiskarı sayan sosial şəbəkə nəhəngləri – “Twtter”, “Facebook” və başqa sosial platformalar ABŞ prezidentinin şəbəkə hesablarını dondurublar.
İlk addımı “Twtter” şəbəkəsinin rəhbərliyi atıb. “Twtter”in rəhbərliyi bəyan edib ki, Donald Tramp prezident seçkisinin saxtalaşdırıldığı haqda əsassız ittihamlarını və əhalini iğtişaşlara çağırmağını davam etdirsə, onun bu şəbəkədəki hesabı birdəfəlik bağlanacaq. Sonrakı dövrdə Trampın “Twtter” hesabı doğrudan da birdəfəlik bağlanıb.
Mənbə: Capx.coскачать dle 12.1