Medvedev: Ukraynada nüvə silahı tətbiq edə bilərik

“İsrail və İran arasında münaqişə qlobal xarakter daşıya biləcəyi üçün təhlükəlidir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Nə qədər qəribə səslənsə də, İsrail və İran arasındakı bütün bu qarışıqlığın bizim işlərimizə heç bir zərəri yoxdur. Əksər amerikalılar ölmək üzrə olan Ukraynanın harada olduğunu belə bilmirlər və onlara yad olan münaqişəyə pul xərcləməyə qətiyyən həvəs göstərməyən Trampın komandası hazırda çox gərgindir”, - siyasətçi bildirib.
Medvedev qeyd edib ki, ABŞ indi əsas diqqətini İsrail-İran münaqişəsinə yönəldib:
“İndi qoy bununla məşğul olsunlar. Amma Trampın özünün də daim danışdığı Yaxın Şərq münaqişəsinin qlobal münaqişəyə çevrilməsi təhlükəsi var”.
Həmçinin Rusiya-Ukrayna müharibəsinə toxunan Medvedev qeyd edib ki, Ukrayna “çirkli bomba” istifadə etsə, Rusiya taktiki nüvə silahı ilə cavab verəcək:
“Bu, son dərəcə təhlükəli təxribat olardı və ona mütənasib cavab verilməlidir. Nə ilə? “Təmiz bomba” ilə - taktiki nüvə silahları ilə. Bizdə bunlar kifayət qədərdir”.