ABŞ-da kütləvi etirazlar: Trampın doğum günündə “Krallara yox” çağırışı – VİDEO

ABŞ-ın Nyu-York da daxil olmaqla, bir neçə şəhərində minlərlə insan Prezident Donald Trampın administrasiyasının siyasətinə etiraz olaraq küçələrə çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Etirazçılar barabanlar və plakatlarla yürüş ediblər. Aksiya iştirakçılarının plakatlarında “Bizik hakimiyyət”, “Sülh — bu, hakimiyyətdir”, “Deportasiyalara yox”, “İranla müharibəyə yox” kimi şüarlar yer alıb. Mitinq dinc şəkildə keçir, əraziyə cəlb olunan çoxsaylı polis qüvvələri isə hələlik prosesə müdaxilə etmir.
Etirazlar 14 iyun — Donald Trampın doğum günü və Vaşinqtonda keçirilən hərbi parad günü təşkil olunub. Aksiyanın təşkilatçıları “No Kings” (“Krallara yox”) hərəkatıdır. Onların məlumatına görə, bu gün ABŞ boyunca 2 minə yaxın aksiya keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “No Kings” təşəbbüsü bu günü “ümummilli itaətsizlik günü” adlandırıb. Hərəkatın bəyanatında deyilir: “Biz avtoritarizmi rədd edirik və dünyaya demokratiyanın necə göründüyünü göstərmək üçün hərəkətə keçirik. Tramp olmayan hər yerdə olacağıq və deyəcəyik: “Taxtlara yox, krallara yox, taclara yox!”