Bia.Az

Xaricdə yaşayan azərbaycanlı iş adamları Vətənə necə dəstək olmalıdırlar?

Dünya
 15-10-2020, 13:00     349

3 həftəyə yaxındır ki, Azərbaycan Ermənistana qarşı əks-hücum əməliyyatları aparır və ərazi bütövlüyünü bərpa etməyə çalışır. Amma Qarabağ təkcə Vətəndə yaşayanları deyil, həm də Vətəndən kənarda yaşayanları düşündürməlidir. Bəs müxtəlif ölkələrdəki diasporumuz, o cümlədən siyasi və iqtisadi potensiala malik ayrı-ayrı həmvətənlərimiz Azərbaycan ordusuna necə dəstək verə bilər?

"Ölkə.Az" xəbər verir ki, “Report” məsələ ilə bağlı müxtəlif ekspertlərin rəyini öyrənib.

"Ermənistana dəstək göstərən şirkətlərə qarşı iş aparılmalıdır"

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, son 100 il ərzində dünyada əməlli-başlı erməni diasporu formalaşıb və onun hesabına Ermənistan müxtəlif ölkələrə həm siyasi, həm də iqtisadi təsir mexanizmləri əldə edib. Azərbaycan isə bu sahədə yalnız müstəqillik dövründə nəyəsə nail ola bilib. Amma həvəsdən düşmək lazım deyil.

"Azərbaycanlıların və yaxud bu ölkəyə bağlı olanların Milli Ordumuza dəstəyilə yanaşı Ermənistanın işğalçı siyasətini dəstəkləyən şirkətlərlə bağlı sosial mediada kampaniya aparmasına ehtiyac var. Ermənistana mənəvi-maddi dəstək göstərən şirkətlər dünyada terrorçuluğu dəstəkləyən, uşaq ölümlərinə rəvac verən biznes strukturları kimi təqdim edilməlidir. Bu iş uğurla aparılsa, həmin şirkətlərin dövriyyəsi kəskin azalar və onlar Azərbaycan ərazilərinin işğalına dəstək verməkdən çəkinərlər", - deyə o, qeyd edib.

Xaricdə yaşayan azərbaycanlı iş adamları Vətənə necə dəstək olmalıdırlar?


Natiq Cəfərli
Bundan başqa, N.Cəfərlinin sözlərinə görə, diasporumuz xarici media ilə də aktiv işləməlidir: "Xüsusilə ermənilərin daha çox mütəşəkkil olduğu Fransada haqlı mövqeyimizin təbliğinə böyük ehtiyac var. Bu ölkədə erməni əsilli siyasətçilər üstünlük təşkil etsə də, Ermənistanın Azərbaycanın mülki insanlarını hədəfə alması barədə Fransa mediasında məlumatlar yayıldı, lakin onlar çox azdır. Fransanın xəbər agentlikləri ilə daha sıx işləmək lazımdır. Bu ölkədə yaşayan iş adamlarının dəstəyi ilə Azərbaycana daha çox jurnalistin gəlməsinə şərait yaradılmalıdır. Həmçinin dünyada beynəlxalq media mərkəzlərinin yaradılması Azərbaycanın haqlı mövqeyinin dünyada təbliği baxımından kifayət qədər effektiv ola bilər. Məsələn, bu cür mərkəzlər Türkiyədə, Avropa İttifaqı ölkələrində var. Onlarla işləmək olar".

"İş adamlarının həm maddi, həm də mənəvi dəstəyinə ehtiyac var"

İqtisadçı-ekspert Elşad Məmmədov də hesab edir ki, dünyada, o cümlədən Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamları Vətənin övladları olmaları ilə bağlı sosial məsuliyyətlərini anlamalıdırlar: "Onların həm maddi, həm də mənəvi dəstəyinə ehtiyac var. Bu xalqın nümayəndələridirlər Azərbaycana dəstəklərini həmişə ifadə etməli, diaspor təşkilatlarımızının fəaliyyətinin lazımi səviyyədə qurulmasına çalışmalıdırlar".



Elşad Məmmədov
"Müasir müharibələr ancaq hərbi münaqişələrdən ibarət deyil. İnformasiya sahəsində də müharibə aparmaq, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırmaq lazımdır. Məsələn, bu baxımdan son günlər Rusiya KİV-lərində ciddi boşluqlar var. Azərbaycanın intellektual elitası müzakərələrə az dəvət edilir. İnformasiya müharibəsində mövqelərimizi gücləndirməli, sözümüzü informasiya məkanında demək üçün intellektual potensiala malik olmalıyıq”, - deyə o əlavə edib.
скачать dle 12.1