Təsəvvür edin: Putin təyyarədən enir və həbs olunur...
Təsəvvür etmək olar ki, Rusiya lideri gələn həftə Monqolustana səfəri zamanı prezident təyyarəsindən enir və saniyələr sonra özünü qandallı görür. Belə bir tamaşa heyrətamiz olardı: "BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən birinin lideri hərbi cinayətlərdə şübhəli bilinərək həbsdədir".
Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus" nəşri yazıb.
"Əslində, bu, görünməmiş hadisə olardı. Amma çox az ehtimaldır. Bəli, nəzəri olaraq belə olmalıdır. Beynəlxalq Cinayət Məhkəməsinin bütün üzvləri şübhəliləri öz torpaqlarına ayaq basdıqları təqdirdə həbs etməlidirlər. Monqolustan da istisna deyil. Amma reallıqda ölkə böyük iqtisadi asılılığı olan güclü qonşusunun qəzəbinə tuş gəlmək istəməyəcək. Moskva ilə münaqişə Monqolustan üçün çox güman ki, Haaqanı qıcıqlandırmanın istənilən nəticələrindən daha pis və daha zərərli olar.
Monqolustan öz öhdəliklərinə əməl etməsə, bu, qəzəb və siyasi qınağa səbəb olacaq, lakin BCM-nin onların icrasını təmin etmək səlahiyyəti yoxdur", - nəşr bildirib.
Qeyd edək ki, V.Putin sentyabrın 3-də Monqolustana səfər edəcək. Monqolustan BCM-in Roma Statutunu ratifikasiya etdiyi üçün Putinin bu ölkəyə səfəri zamanı həbs edilməsi ehtimalı müzakirə edilir.
BCM Putinin həbsi ilə bağlı 17 martda qərar qəbul edib.