Qafqazda dəhşətli ssenari – “Pankisi dərəsi” işə düşür?

“ABŞ çalışır ki, öz agenturası və QHT-ləri ilə Gürcüstandakı seçkinin nəticəsini dəyişsin və Rusiya ilə sərhəddə destabilizasiya yaratsın”.
Globalinfo.az xəbər verir ki, bunu Avrasiya Analitika Klubunun rəhbəri Nikita Mendkoviç deyib.
“Təcrübə göstərir ki, son 1 ildə ABŞ hər yolla QHT hərəkatlarını, QHT-lərin iştirakı ilə olan etiraz aksiyalarını dəstəkləyir. Bu onunla bağlıdır ki, Qərb Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyir. Bunun üçün “Gürcü Arzusu”nu qərbyönlü, Rusiya ilə müharibəyə yönələn, yeni anti-Rusiya cəbhəsi üçün plasdarm yaradacaq qüvvə ilə əvəz etmək lazımdır”, – o bildirib.
Mendkoviç deyir ki, Gürcüstanda müxalifət qalib gələcəyi halda Şimali Qafqazda terrorizm səviyyəsi artacaq:
“Gürcü müxalifətinin planı var ki, situasiyanı Pankisi dərəsinin terrorçuların bazası olduğu dönəmə qaytarsın. Daha dəqiq desək, Gürcüstan yeni terrorçu mərkəzləri üçün baza olmalıdır. Buradan isə onlar Şimali Qafqazın destabilizasiyasına yönəldilməlidirlər”.
Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidməti son iki ayda ikinci dəfə ABŞ-ın Gürcüstanda rəngli inqilab hazırladığı barədə xəbərdarlıq edib.