Belarus üçün qorxulu ssenari: Ukrayna müharibəsinə qoşulsa…

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin təcili xahişi ilə ölkənin hərbi texnikasının bir hissəsini Rusiya ordusunun, o cümlədən Kursk bölgəsindəki hərbi qüvvələrin gücləndirilməsi üçün göndərilməsini əmr edib.
Belarusun dəstəyi ciddi dönüş yaradacaqmı?
Zeynal Əmrəliyev
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Belarusdan dəstəyin istənilməsi Rusiyanın imicinə mənfi təsir edəcək:
“Görünür, Rusiya nəinki Ukraynada, öz ərazisində belə Ukrayna ordusu ilə mübarizə apara bilmir. Rusiyanın Belarusa dəstək üçün müraciət etməsi müharibənin gedişatına təsir edəcək.
Son xəbərlərə görə, Kreml KTMT-yə üzv ölkələrə dəstək üçün müraciət etməyə hazırlaşır. Ancaq bu, zəif ehtimaldır, çünki Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərdən aydın olur ki, Moskva Kurskun müdafiəsini öz hərbi kontingenti ilə həyata keçirmək istəyir. “Putinin varisi” adlandırılan Aleksey Dyuminin Kurskda keçirilən hərbi əməliyyatlara rəhbərlik etmək üçün göndərilməsi Kremlin narahatlığından xəbər verir”.
Zeynal Əmrəliyevin sözlərinə görə, Kurskun müdafiəsi ilə bağlı KTMT-yə müraciət edilərsə, bu siyasi elitaya da təsir edəcək:
“Belarus ordusunda Kremlə kömək etmək istəməyən qüvvələr var. Nə əhali, nə də hərbçilər ukraynalılara qarşı vuruşmaq istəyir. Çünki Belarus əhalisi ukraynalıları özlərinə daha yaxın görür. Digər tərəfdən belə bir versiya var ki, Rusiya Ukraynanı işğal edərsə, növbəti hədəf Belarus olacaq. Ona görə Rusiyaya dəstək Belarusun daxilində parçalanma yarada bilər”.