İsrailli nazir HƏMAS-ı danışıqlar əvəzinə diz çökdürməyə çağırıb

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrail hakimiyyətini Qəzza razılaşması ilə bağlı “Doha və ya Qahirədə danışıqlara” nümayəndə heyəti göndərməməyə, əksinə, anklavda hakim olan radikal Həmas hərəkatını “diz çökdürməyə” çağırıb.
Bizimyol.info xəbər verir ki, Ben-Qvir müvafiq bəyanatla rəhbərlik etdiyi ifrat sağçı partiya Otzma Yehuditin (Yəhudi Gücü) mətbuat xidmətinin nümayəndələri tərəfindən yayımlanan videomüraciətdə qeyd edib.Onun sözlərinə görə, İsrail Qəzza zolağında keçirdiyi hərbi əməliyyat zamanı “qalib gəlməli” və HƏMAS-ı darmadağın etməlidir.
Avqustun 9-da Misir, Qətər və ABŞ liderləri birgə bəyanat yayaraq, İsrail və HƏMAS-ı avqustun 15-də Doha və ya Qahirədə Qəzza zolağında atəşkəs danışıqlarını bərpa etməyə çağırıblar. Vasitəçilər həmçinin ABŞ prezidenti Co Baydenin irəli sürdüyü və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsi ilə dəstəklənən prinsiplərə əsaslanan yekun saziş layihəsini təqdim etməyə hazır olduqlarını açıqlayıblar. Vasitəçilərin bəyanatının dərcindən bir saat sonra İsrail hakimiyyəti avqustun 15-də danışıqlarda iştirak etmək üçün nümayəndə heyətini göndərməyə hazır olduqlarını bildirib. HƏMAS avqustun 11-də vasitəçiləri danışıqlar masasına qayıtmaqdansa, Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsi üçün konkret plan təqdim etməyə və İsraili onu yerinə yetirməyə məcbur etməyə çağırıb.
Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur. Bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və qarşılıqlı anlaşma əldə olunana qədər atəşkəs qüvvədə qalacaq.
2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb. Bu müddət ərzində, İsrailin məlumatına görə, 100-dən çox girov azad edilib. Həmin il dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayıb və bu günə qədər davam edir. İsrailin son məlumatlarına görə, Qəzzada 115 nəfər girov saxlanılır.