Bia.Az

İsrail İrana tələ qurub: Tehran hücuma keçir və… – Savaş ssenarisinin şok detalı

Dünya
 3-08-2024, 13:00     475

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İranın dini lideri Əli Xameneinin İsraili vurmaqla bağlı əmr verməsi tərəflərin müharibəyə başlaması kimi xarakterizə edilir.

Proseslərin gedişatında ABŞ-dan reaksiyalar var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Ardınca ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb. Bildirilib ki, ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

ABŞ İranla İsrail arasında birbaşa müharibənin baş verməsini önləyəcək? ABŞ-ın İsrailə dəstəyini nəzərə alsaq, Vaşinqton üçün Təl-Əvivin İranın proksi qüvvələri ilə müharibə etməsi sərfəlidir?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirəcək:

Qabil Hüseynli

“Təbii ki, total müharibədən söhbət getmir. Bundan öncə olduğu kimi bir-iki raket atmaqla Tehran kifayətlənəcək. İran İsrail ilə total müharibə etməyib. Ümumiyyətlə, bu iki ölkənin quru sərhədi yoxdur və bu, total müharibəni imkansız edir. Bundan başqa İranın belə bir müharibəyə maddi imkanı da yoxdur.

Aydın məsələdir ki, sanksiyalar və iqtisadi çətinliklər səbəbindən İran iqtisadiyyatı ciddi zərbə alıb. Bu zərbənin aradan qaldırılması o qədər də asan deyil. Bu qədər problem var ikən bir də total müharibəyə girmək mövcud rejimi təhlükəyə sala bilər”.


Politoloq deyib ki, İran bu günə qədər İsrail ilə HƏMAS, “Hizbullah” və Husilər vasitəsilə mübarizə aparırdı:

“Bu metodun dəyişəcəyini düşünmürəm. Yəni İran İsmayıl Haniyənin qisasını HƏMAS və “Hizbullah”ın güclərini birləşdirib ortaq hücum etməsi ilə ala bilər. Proses çərçivəsində özü də bu qüvvələri dəstəkləyəcək. İranın İsrailə birbaşa hücumu fonunda ona qarşı yaranacaq beynəlxalq koalisiya riski var. Əslində İsrailin etmək istədiyi də budur. Təl-Əvivin hədəfi İranı üzərinə çəkib ona qarşı koalisiya yaratmaqdır.

O ki qaldı ABŞ-a, Birləşmiş Ştatlar özü də belə bir müharibənin olmasını istəmir. Çünki İsrailə hücum olarsa, ABŞ da İranı vurmalı olacaq. Bu isə ABŞ üçün ikinci Əfqanıstan ssenarisinin işə düşməsi deməkdir”.
скачать dle 12.1