Bia.Az

Tramp sui-qəsdlə bağlı bu addımı atacaq

Dünya
 18-07-2024, 00:22     519

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd hadisəsi hələ də geniş müzakirə olunmaqdadır. Bir çox ekspertlər baş verən hadisənin təfərrüatlarının gizli qalacağını düşünür.

Görəsən, Tramp prezident seçilsə, ona qarşı olan sui-qəsd cəhdinin üstünü aça biləcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan VI çağırış Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Donald Trampa sui-qəsdi hansısa vətəndaşın özfəaliyyəti hesab etmək olmaz. Onun sözlərinə görə, ABŞ üçün ənənəvi olan bu siyasi terror şəxsən 45-ci prezidentin özünə qarşı başlanmış siyasi təqibin kuliminasiyasıdır:

“Bildiyiniz kimi, ötən 4 il ərzində ABŞ-da Trampın siyasi karyerasına son qoyulması üçün ona qarşı məhkəmə və digər inzibati resurslar tam səfərbər edilmişdi. Hətta prezident Bayden özü Trampı amerikalıların ən böyük fəlakəti adlandıraraq bu təqibi təşviq edirdi. Xüsusən məhkəmə və inzibati orqanlar Trampın əleyhinə səfərbər edilmişdi. Əlbəttə, bütün bunların fonunda hazırkı iqtidarın hadisə ilə bağlı istənilən arqumenti yetərsiz qalır. Bu bir reallıqdır ki, ən yaxşı halda Trampa sui-qəsdə səbəb olacaq şəraiti məhz demokratların təbliğatı formalaşdırıb. Yəni baş verənlər bütün dünyaya “azad seçki”, “demokratiya”, “insan haqları”, “təhlükəsiz həyat” meyarları barədə mühazirələr oxuyan ABŞ-ın özünün bu məsələlərə real münasibətini üzə çıxardı. Bundan başqa, aidiyyəti dövlət orqanlarının sərgilədiyi davranışlar göstərir ki, demokratların iqtidarı sui-qəsdin ört-basdır edilməsi, cinayətkarların dairəsinin yalnız icraçılarla məhdudlaşdırılması, təşkilatçı və təhrikçilərin, o cümlədən köməkçilərin aşkara çıxarılmaması üçün qüvvələri səfərbər edib”.

Deputat deyib ki, baş verən hadisələr ümumbəşər dəyərlərə qarşı təhdiddir və ABŞ-ın qlobal mənada insan haqları və demokratiya tandemi barədə söz haqqını itirdiyini göstərir:
“ABŞ hökuməti anlamalıdır ki, bəyanatlarla kifayətlənmək olmaz və Trampa qarşı sui-qəsd də daxil olmaqla, bütün cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq artıq rəsmi Vaşinqtonun beynəlxalq öhdəliyidir. Lakin digər tərəfdən, proseslərin bu istiqamətdə inkişafı Amerika Birləşmiş Ştatlarında prezident seçkilərinin nəticələrinə heç şübhəsiz ki, təsir edəcək və indidən uğursuz sui-qəsd cəhdi Trampı və bütövlükdə respublikaçıları xeyli gücləndirməkdədir. Ona da şübhə yoxdur ki, Tramp hakimiyyətə gələrsə, bu hadisənin araşdırılmasında və cinayətin təşkilatçılarının aşkarlanması istiqamətində prinsipial mövqe qoyacaq”.скачать dle 12.1