Rusiya Qərbə belə cavab verir – Putinin əsas “planı” işə düşüb

Son günlərdə Ukraynanın Rusiya ərazisini vurmaq üçün NATO-nun təchiz etdiyi silahlardan istifadə edə bilməsinin lazım olduğu ilə bağlı xəbərlər verilir. Hətta Alyansa daxil olan ölkələrin bəzilərinin buna icazə verdiyi də vurğulanır.
Bundan əlavə, iyun ayının 2-də ABŞ müdafiə naziri Lloyd Austin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” forumu çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevin müdafiə ehtiyaclarını müzakirə edib və yardımla bağlı mühüm razılıqlar əldə edilib.
Bütün bunların fonunda Rusiyanın sakitliyi sual doğurur. Bunun səbəbi nədir?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya əslində susmur, hərəkətlə lazımi cavabı verir:
“Bu gün əsas diqqət Yaxın Şərqə yönəlib. Bir neçə ildir davam edən Rusiya-Ukrayna müharibəsi Avropanı təngə gətirib.
Ukrayna Qərbin boğazına yapışıb, baş ağrısına çevrilib. Bu əslində maddi, finansal, mənəvi, strateji, geopolitik və hərbi baxımdan belədir.
Rusiyanın hava hücumundan müdafiə sistemləri çox güclüdür. Ukrayna isə hücumlara dözümlülük göstərə bilmədiyi üçün digər ölkələrdən yardım istəyir. Faktiki olaraq rəsmi Kiyev və Qərb müharibəni uduzub. ABŞ isə mövcud reallığı qəbul etmir. Çünki seçkilər ərəfəsindədir. Buna görə də Ukraynanı müharibəni davam etdirməyə məcbur edirlər. Həmin müharibədən geri çəkilmək ABŞ-ın Rusiya qarşısında siyasətini uduzmasıdır”.
Politoloqun sözlərinə görə, Rusiyanın Ukrayna ərazisində irəliləməsi Qərbə və ABŞ-a verilən əsas cavabdır.