“Müharibə başlasa, qorxudan qaçıb gizlənəcəklər” - Xudaverdyan

Delimitasiya və demarkasiya keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi revanşist hərəkat üçün sadəcə bəhanədir.
Teleqraf.com xəbər verir ki, bunu erməni silahlı “Kornidzor” dəstəsinin başçısı, hərbi cinayətkar Ara Xudaverdyan deyib.
“Fürsət lazım idi, olmasaydı belə, “baş nazir günahkardır” deyəcəkdilər, amma Nikol Paşinyanın təmsil etdiyi Ermənistan hökuməti demarkasiya prosesinə başlaya bildi. Bu, Kremldə təşviş doğurub, ehtiraslı qadın hislərini qızışdırıb”, - dəstə başçısı bildirib.
Xudaverdyan artıq müharibə istəmədiyini iddia edib, savaş istəyən Qalstanyan və revanşist hərəkatın digər üzvlərini qorxaq adlandırıb:
“Döyüş olsa, meydanda olmayacaqlar, qadınların ətəkləri və ya nənələrinin tumanları altında gizlənəcəklər. Sonra çıxıb deyəcəklər ki, biz erməniyik, vətənpərvərik, döyüşmək istəyirik”.
Dəstə başçısının fikrincə, Rusiya planı ilə hərəkət edən revanşistlərin məqsədləri müharibəni yenidən qızışdırmaqdır:
“Müxalifət hərəkatının açarı yalan, hədə-qorxu və təxribatdır. Bəlkə də düşünürlər ki, yalanları sübuta yetirilənə qədər nəsə əldə edə bilərlər. İnsanları təxribata çəkirlər, dava salırlar, sonra da bütün dünyaya, Kremlə qışqırırlar ki, baxın, kobud güclə üzləşirik, heç nə alınmır.
Məqsədləri nəyin bahasına olur-olsun, demarkasiyanın dayandırılmasına nail olmaqdır. Bu gün cəbhə sənindir, sabah onun, amma dövlət sərhədi anlayışını pozmaq başqa şeydir”.