Rəfahda gərginlik: tanklar hərəkətə keçdi, 45 nəfər həlak oldu

İsrail beynəlxalq təzyiqə baxmayaraq, Qəzza və Rəfahda əməliyyatlara davam edir. Belə ki, İsrail tankları Rəfahın mərkəzinə daxil olub. Qeyd edək ki, İsrail ordusunun Rəfahda çadır şəhərciyinə zərbə endirməsi nəticəsində 45 nəfər həlak olub.
Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, İsrailin Rəfah əməliyyatı ilə bağlı müzakirələr gündəmi ciddi ölçüdə zəbt edib:
“İsraili bu addımdan yayındırmaq üçün müzakirələr aparılsa da, heç bir nəticə vermədi. Nəticədə qaçılmaz dəhşətli ssenari reallaşdı və bu gün artıq Rəfahın mərkəzinə daxil olan İsrail tankları şəhər üzərində nəzarəti ələ keçirmiş oldu.
Nəticə etibarilə Qəzza zolağının cənub hissəsində yerləşən Rəfahda hərbi qarşıdurmanın kəskinləşməsi İsrail ilə Misir arasında da toqquşmaların olması faktını istisna etmir. Ümumiyyətlə, Rəfah əməliyyatı İsrailin “antiterror əməliyyatı” adı altında ifrat güc istifadəsinin bariz nümunəsidir. Artıq BMT-nin Baş katibi Antonio Quterreş başda olmaqla bir çox rəsmilər İsrailin bu hücumunu pisləyib.
Düşünürəm ki, belə vəziyyətdə bəyanatlardan daha kəskin addımlar atılmalı, qlobal güclər humanitar fəlakətin qarşısını almaq üçün səfərbər olmalıdır. Xüsusilə BMT öz missiyasının ən önəmli sınaq mərhələsindən keçərək belə bir fəlakətin qarşısını almağa müvəffəq olmasa, deməli, onun mövcudluğu artıq anarxiya dövrünü yaşayan qlobal sistem üçün sadəcə yük olaraq ifadə edilə bilər”.