Bia.Az

Avropa İttifaqı İrana qarşı HƏRƏKƏTƏ KEÇİR - Pilotsuz təyyarələr və raketlər...

Dünya
 18-04-2024, 14:11     183

Brüsseldə keçirilən sammitdən sonra Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəklərini açıqlayıblar.

Musavat.com “Reuters”ə istinadən xəbər verir ki, Aİ-nin bəyanatına görə, məhdudiyyətlərin əksəriyyəti pilotsuz təyyarələrin və raketlərin istehsalına təsir edəcək.

"Avropa İttifaqı İrana qarşı, xüsusilə pilotsuz təyyarələr və raketlərlə bağlı əlavə məhdudlaşdırıcı tədbirlər görəcək. Aİ regionda gərginliyin azaldılması və təhlükəsizliyin təşviqinə tam sadiqdir", - Aİ liderlərinin birgə bəyanatında deyilir.

Avropa Parlamentinin rəhbəri Roberta Metsola Avropa liderləri qarşısında çıxışında İranın raket və dron proqramlarına qarşı sanksiyaların genişləndirilməsinə çağırıb.

Bundan əlavə, o, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Avropanın terror təşkilatları siyahısına daxil edilməsinin tərəfdarı olduğunu bildirib.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellin sözlərinə görə, SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək üçün məhkəmə təşkilatın terror aktı törətdiyini müəyyən etməlidir, lakin bu, hələ ki, belə deyil.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran 300 pilotsuz təyyarə, qanadlı və ballistik raketlərlə İsrailə hücum edib.

İsrail ordusu atılan raket və dronların 99%-ni məhv etdiyini iddia edib. Eyni zamanda İran hücumu uğurlu adlandırıb.скачать dle 12.1