Bia.Az

Qərbin Güney Qafqaz HƏMLƏSİ - Görünəni odur ki...

Dünya
 12-03-2024, 01:08     218

Qərb mediasının və Qərbin maliyyələşdirdiyi media şəbəkələrində ölkəmizə qarşı qarayaxma kampaniyası aparılmasının məqsədi var. Azərbayanda xaos yaratmaq. Amma Azərbaycan bu kimi prosesləri öncədən bilir və qarşısını vaxtında alır…
Qərb bu gün Rusiyanın Gürcüstanı və Ermənistanı itirdiyini düşünür. Bu səbəbdən də, Cənubi Qafqazda Ermənistanın mövqeyində özünə pay axtarır. Bizə bir yandan sülh dəstəyi təklif edib, qarşı tərəfə silah daşıyan Qərbdən başqa nə gözləməliyik?!

Politoloq İlyas Hüseynzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Qərbin Azərbaycana qarşı dağıdıcı siyasəti geniş vüsət alıb.

"Xüsusilə, Vətən müharibəsindən sonra bu davranış özünü geniş təzahür edir. Vətən müharibəsi sonrası yeni yaranan geosiyasi reallıqları Qərb və xüsusilə bir sıra dövlətlər həzm edə bilmirlər. Fransanın müstəmləkəçilik təfəkkürü ilə ayırıcı xətlərin çəkilməsi məqsədləri və Cənubi Qafqazda böhran, xaos, eskalasiya törətməklə danışıqlar masasına əyləşmək niyyətləri özünü geniş şəkildə göstərir. Bir zamanlar Gürcüstanda, Ukraynada media və QHT vasitəsilə keçirilən tədbirlər bu gün özünü həm də bizim ölkəmizə münasibətdə göstərməkdədir. Bunun qarşısını dövlətimiz preventiv tədbirlərlə aradan qaldırır və medianın da, vətəndaş cəmiyyətin də sağlamlaşdırılması, milli maraqlar ətrafında birləşdirməsi və kənar təsirlərdən təmizlənməsi məqsədləri qoyulmuşdur. Bu məqsədlərə doğru müvafiq addımlar qanunvericilik çərçivəsində atılır"- deyən politoloq bildirib ki, eyni zamanda Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda ikinci cəbhə açmaq məqsədləri də özünü aydın şəkildə göstərir.

“Burada praqmatik davranmaq, prosesləri düzgün analiz etmək, qüvvələr balansını və coğrafi mövqeyi, eyni zamanda təhdidləri və riskləri detallı araşdırmaq lazımdır ki, regionumuz yeni müharibə burulğanına düçar olmasın və müxtəlif risklərdən də regionu qoruya bilək”-deyə İlyas Hüseynzadə vurğulayıb.
скачать dle 12.1