Bia.Az

“Putin başa düşür ki, ilk növbədə Rusiyanı müdafiə edir” - Lukaşenko xalqını rus ordusu ilə hədələyir

Dünya
 29-08-2020, 15:49     707

Aleksandr Lukaşenko cümə günü Orşada yerli "Savuşkin" müəssisəsinin işçiləri və dövlət mediasının jurnalistləri qarşısında çıxış edərək bir sıra məsələlərə toxunub.

O, Putinin Belarusa hərbi dəstək verə biləcəyi ilə bağlı məsələdən də danışıb. Lukaşenko Rusiya prezidenti Vladimir Putin onun xahişi ilə Belarus rəsmi orqanlarına kömək etmək üçün güc ehtiyatı yaratdığını deyib. O, dərhal da əlavə edib ki, "Rusiyadan hələ bir əsgər də sərhədi keçməyib". 

"Biz hələ ki, özümüz öhdəsindən gəlirik" deyə prezident vurğulayıb. Lukaşenkoya görə, Rusiya prezidenti başa düşür ki, Belarusu müdafiə etməklə, o, ilk növbədə Rusiyanı müdafiə etmiş olur.

O, Belarusdakı mövcud vəziyyəti İkinci Dünya Müharibəsinin başlanması dövrü ilə müqayisə edib. "Mən ordumuzu tam döyüş hazırlığı vəziyyətinə gətirməli və Qrodnonu mühasirəyə almalıydım ki, onlar bizim incimizə baxmasınlar" - deyə o qeyd edib. Amma Lukaşenko "onlar"ın kim olduğunu açıqlamayıb.

Bundan əlavə, Lukaşenko müxalifətin hazırda qaldırdığı, 1918-1919-cu illərdə Belarusiya Xalq Respublikasının simvolu olan ağ-qırmızı-ağ bayraqdan da danışıb. O deyib ki, müxalifət bu bayrağı Adolf Hitlerin portretinin yerinə qaldırır.
Ağ-qırmızı-ağ bayraq Belarusun müstəqilliyinin ilk dörd ilində ölkənin rəsmi simvolu olub, 1995-ci ildə Lukaşenkonun keçirdiyi referendumla Sovet simvollarını xatırladan bayraq Belarusun hazırkı bayrağı kimi qəbul edilib.

Lukaşenko Belarusa sanksiya tətbiq edən Litva və Polşaya da ayrı-ayrılıqda cavab verəcəyini deyib. O, hökumətə Litva limanlarından bütün ticarət axınlarını başqalarına yönəltməyi tapşırdığını bildirib. Lukaşenkonun sözlərinə görə, Litva büdcəsinin 30% -i Belarus yüklərinin Litva üzərindən axını hesabına formalaşır. "Biz onları yerinə oturdacağıq" - deyə o bildirib.

Belarusda vəziyyət avqustun 9-u Lukaşenkonun 6-cı dəfə prezident seçkisində qalib elan edilməsindən sonra gərginləşib. Aksiyalarda yüzlərlə insan həbs edilib, onlara işgəncələr verilib, bir nəfər güllə yarasından həlak olub. Etirazlar hələ də davam edir. (Azadliq.org)

BİA.az
скачать dle 12.1