Bia.Az

Ermənilər Qarabağa qayıdır? – Arzuolunmaz görüşün detalları

Dünya
 9-03-2024, 00:21     316

Qarabağda özünü buraxmış keçmiş separatçı rejimin “lideri” Samvel Şahramanyanın son günlərdə bir neçə səfirlə, o cümlədən Fransa, ABŞ və Rusiyanın Ermənistandakı səfirləri ilə görüşdüyü bildirilir. Müzakirə gündəmindəki əsas məsələ Qarabağdan köçən ermənilərin geri qayıtması olub. Xəbərdə qeyd edilib ki, guya separatçıbaşının görüşdüyü bütün xarici ölkə diplomatları şifahi olaraq ermənilərin Qarabağa qayıtmasını “günümüzün bir nömrəli problemi” adlandırıblar.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, adıçəkilən ölkələr vaxtilə ATƏT-in Minsk Qrupunda həmsədr idilər:

“Məhz bu ölkədən olan həmsədrlər münaqişənin uzadılmasında əsas rolu oynamışdılar. İndi onlar Azərbaycanın yaratdığı reallıqdan, yəni torpaqlarımız işğaldan azad edildikdən sonra fərqli mövqelər sərgilədilər. Fransa açıq şəkildə ermənipərəst siyasət aparmağa başladı, ABŞ Fransa qədər olmasa da ermənilərə yaxın bir siyasət izləyir, Rusiya isə şəraitə uyğun olaraq mövcud reallıqları qəbul etdiyini açıqlayır. Ancaq hər 3 ölkə də yaxşı bilir ki, bundan sonra keçmiş işğal altında olan ərazilərin tam idarəetməsi artıq Azərbaycandadır. Yəni ora kim qayıdacaq, kim qayıtmayacaq, kim harada yaşayacaq – buna yalnız Azərbaycan qərar verəcək”.

Z.Əmrəliyev qeyd edib ki, kimin kimlə görüşməsi, nəyi söz verməsinin bizim üçün əhəmiyyəti yoxdur:

“Azərbaycan dövlətinin, şəxsən Prezidentin bu məsələ ilə bağlı çox düzgün və ədalətli mövqeyi var. İlham Əliyevin necə prinsipial bir siyasətçi, sözünün ağası olduğunu dünya siyasətində hər kəs yaxşı bilir. Ermənilərin Azərbaycana qayıtması o halda mümkündür ki, vaxtilə öz doğma torpaqlarından qovulmuş Qərbi Azərbaycandan olan soydaşlarımız da öz dədə-baba torpaqlarına qayıtsınlar. Ancaq bundan sonra ermənilərin Qarabağa, Şərqi Zəngəzura və digər ərazilərə qayıtması mümkündür. Həmin ölkələr Azərbaycan torpaqları işğal ediləndə, 1 milyondan artıq soydaşımız qaçqın vəziyyətində yaşayanda niyə bir dəfə onların qayıtmasını “bir nömrəli problem” adlandırmadılar?

Samvel Şahramanyan və Qarabağdan qaçmış digər separatçı ünsürlər boş-boş xəyallarla yaşamaqdansa mövcud reallığı qəbul etsələr, yaxşı olar. Əksi onların maraqlı qüvvələr tərəfindən istifadə edilib atılmasına səbəb olacaq”.скачать dle 12.1