Bia.Az

ABŞ hərəkətə keçdi – İranla müharibəyə başlayacaqmı?

Dünya
 3-02-2024, 14:33     106

ABŞ-ın İordaniyadakı hərbi bazasına edilən hücum sonrası regionda gərginlik pik həddə çatıb. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirsə də rəsmi Tehran hücumda əlinin olmadığın açıqlayıb.

Hücum sonrası Ağ Ev rəsmisi Con Kirbi və Prezident Co Bayden cavab vermək üçün qərar qəbul edildiyini bildiriblər. Ötən gündən etibarən isə ABŞ aviasiyası Suriyada müəyyən hədəflərə zərbə endirməyə başlayıb.

“Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd etmək istəyənlər bilsinlər ki, əgər onlar amerikalılara zərər versə, qarşılığını görəcəklər”, – Bayden deyib.

BİA.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, planlandığı kimi, zərbələr əsasən İraq və Suriyada olan İran proksi qüvvələrini, həmçinin İranın Suriyadakı hərbi qüvvələrini hədəf alacaq:


Kənan Rövşənoğlu

“Ancaq İran ərazisinə zərbələr, yaxud da quru əməliyyatı ümumiyyətlə gözlənilmir. Çünki bunun üçün hazırlıq yoxdur. İran həm coğrafi olaraq böyük əraziyə malikdir, həm də hərbi gücü var. Belə bir ölkəyə hərbi müdaxilə böyük miqdarda hərbi qüvvələrin cəmlənməsi və hazırlıq tələb edir.

İkinci variant, yəni İran ərazisində hərbi obyektlərin vurulması məsələsi daha əvvəl də müzakirə olunub. Amma heç bir vaxt həyata keçirilməyib. Dediyim kimi, ölkə çox böyükdür, geniş əraziyə yayılmış hərbi infrastruktur və cavab potensialı var. Üstəlik İranın necə cavab verəcəyi məlum deyil.

Əgər adekvat cavab versə, o zaman Amerika bütün regionu əhatə edən müharibəyə cəlb oluna bilər. Bu isə Vaşinqtonun planlarına cavan vermir. Çünki İranla müharibə ABŞ-a qlobal və ya regional səviyyədə nəsə verməyəcək, əksinə, əsas rəqibləri olan Rusiya və Çin üçün böyük imkanlar yaradacaq. Vaşinqtonun əsas rəqibi isə Rusiya və Çindir. Yaxın Şərqdə müharibə Amerikaya fayda vəd etmir. Bu səbəbdən də ABŞ prezidenti dedi ki, onlara bu regionda böyük müharibə lazım deyil. Buna görə də güman edirəm ki, ABŞ öz qüdrətli dövlət imicini qorumaq üçün regiondakı hədəflərə ağır zərbələr endirəcək”.скачать dle 12.1