Bia.Az

Ağ Ev: “Aİ-nin Ukraynaya dəstəyi ABŞ-ın yardımlarını əvəz edə bilməz”

Dünya
 2-02-2024, 00:39     171

“Avropa İttifaqının Ukraynaya dəstəyi ABŞ-ın yardımlarını əvəz edə bilməz”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib:

“Bu, hərbi dəstək üçün nəzərdə tutulmayan maliyyə yardımı paketidir. Şübhəsiz ki, Ukrayna xalqı tərəfindən rəğbətlə qarşılanır. Amma Aİ-nin bu yardımları Amerika rəhbərliyinin hərbi dəstəyini əvəz etmir. Bu səbəbdən də, Konqresi milli təhlükəsizlik ehtiyacları üçün əlavə maliyyə tələbini təsdiqləməyə çağırmaq mühüm əhəmiyyət kəsb edir. Bura 60 milyard dollardan çox dəyəri olan hərbi yardımın göstərilməsi daxildir. Ukraynalıların sözügedən dəstəyə, bizim isə bunu həyata keçirmək üçün Konqresə ehtiyacımız var”.

Ağ Ev rəsmisi bildirib ki, ABŞ prezidenti Co Bayden Avropa Komissiyasının sədri Ursula von der Leyenə zəng edərək ona Ukraynaya yardım paketinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası təxminən dörd ay əvvəl Konqresə İsrail və Ukraynaya yardım göstərmək, habelə Çin və Rusiyaya qarşı mübarizə aparmaq üçün əlavə büdcə ayırması məqsədilə sorğu göndərib. Ümumilikdə, Prezident Baydenin rəhbərlik etdiyi ABŞ hökumətinin icraedici qolu bu məqsədlər üçün təxminən 106 milyard dollar almaq istəyir.

Müraciətin taleyi isə hələlik qeyri-müəyyən olaraq qalır. Buna səbəb Nümayəndələr Palatasında və Senatda olan bir neçə respublikaçı konqresmenin Kiyevə əlavə maliyyə yardımının ayrılmasının əleyhinə çıxış etməsidir. ABŞ-da hakim Demokrat və müxalif Respublikaçılar partiyası arasında bu məsələlərlə bağlı zidiyətlər davam edir.скачать dle 12.1