Bia.Az

Ukraynalı girovları aparan Rusiyanın "İl-76" təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb

Dünya
 24-01-2024, 14:14     166

Rusiyanın "İl-76" hərbi-nəqliyyat təyyarəsi planlı uçuşu yerinə yetirərkən Belqorod vilayətində qəzaya uğrayıb.


Bizimyol.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, 6 ekipaj üzvü və 3 müşayiətçi olub.

“Bu il yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində "İl-76" təyyarəsi planlı uçuşu yerinə yetirərkən Belqorod vilayətində qəzaya uğrayıb. Təyyarədə Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi, mübadilə üçün Belqorod vilayətinə aparılıb, təyyarənin 6 ekipaj üzvü və 3 əsirləri müşayiət edən şəxs olub”, - deyə hərbi nazirliyin məlumatında qeyd edilib.

Rusiya Müdafiə Nazirliyindən: “Hərbi Hava Qüvvələrinin komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün təyyarənin qəzaya uğradığı yerə gedir”,- deyə bildirilib.

Rayonun fövqəladə hallar xidmətinin nümayəndəsi Rusiya mətbuatına bildirib ki, təcili tibbi yardım briqadaları Koroçanski rayonunda təyyarənin qəzaya uğradığı yerə gediblər: “Bir neçə tibbi yardım yarımstansiyasından təcili yardım maşınları Koroçanski rayonunda təyyarənin qəzaya uğradığı yerə yola düşüb, yanğınsöndürənlər və polis də hadisə yerində olub”, - deyə məlumatda qeyd edilir.

Bundan əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında Koroçanski rayonunda baş verən hadisəni təsdiqləsə də, o, bu barədə əlavə məlumat verməyib.

Onun sözlərinə görə, hazırda hadisə yerində istintaq qrupu və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.

скачать dle 12.1