Çin İran və Pakistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır

Çin İran və Pakistan arasında böhranlı vəziyyətin həllini alqışlayır və məsləhətləşmələr yolu ilə əməkdaşlığı daha da gücləndirmək üçün tərəfləri dəstəkləməyə davam edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə brifinqdə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.“Çin İran və Pakistan arasında münasibətlərin normallaşdırılması istiqamətində əldə edilən müsbət irəliləyişi alqışlayır və hər iki tərəfi dostluq məsləhətləşmələri vasitəsilə qarşılıqlı etimadı daha da gücləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün dəstəkləyir”, - deyə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi qeyd edib.
Vanq Venbin əlavə edib ki, Çin İran və Pakistanla qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirməyə və regional sülh, sabitlik və inkişafı birgə müdafiə etməyə hazırdır.
Yanvarın 16-da İran silahlı qüvvələri Pakistan ərazisində Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına hücum edib. Əməliyyat zamanı İran hərbçiləri pilotsuz təyyarələr və raketlərdən istifadə edib. Pakistan Xarici İşlər Nazirliyi bu hücumu pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb, həmçinin, bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Yanvarın 18-də Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib ki, respublikanın silahlı qüvvələri antiterror əməliyyatı keçirib, bu əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində ekstremistlərin sığınacaqlarına zərbələr endirilib.
Qarşılıqlı hücumlardan bu günə qədər keçən müddətdə İslamabadla Tehran arasında münaqişə həll olunmuş hesab edilir. Əvvəllər geri çağırılan səfirlər yanvarın 26-da vəzifələrinə qayıdacaqlar, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın isə yanvarın 29-da Pakistana səfəri gözlənilir.