Bia.Az

"Aİ nümayəndələrinin məqsədli və qərəzli bəyanatları Azərbaycanla münasibətlərə zərbə vurmağa yönəlib"

Dünya
 19-01-2024, 15:23     243

"Avropa İttifaqı Azərbaycana aydın siqnallar göndərir ki, Ermənistanın ərazi bütövlüyünün bu ölkə tərəfindən hər hansı pozulması qəbuledilməzdir və Aİ ilə Azərbaycan arasında münasibətlərdə ciddi nəticələrə gətirib çıxaracaq". Bu sözləri Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano deyib. “Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyimizi və problemlərin müstəsna olaraq sülh yolu ilə həllini təkrarlamaqdan yorulmamışıq. Rabitə kanallarımız açıq qalır. Aİ Ermənistanın ərazi bütövlüyünün istənilən pozulmasının qəbuledilməz olduğu və münasibətlərimiz üçün ciddi nəticələr verəcəyi barədə Azərbaycana aydın mesaj vermək üçün bütün imkanlardan istifadə edir. Biz bu mövqedə sabit qalırıq. Avropa Şurasının prezidenti Çarlz Mişel, Ali Nümayəndə Cozep Borrell və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında sabit və davamlı sülhün bərqərar olunmasında iştiraklarını davam etdirirlər”-deyə Stano bildirib.

Biz ara-sıra Aİ nümayəndələrinin Azərbaycana qarşı qərəzli açıqlamalarına şahid olmuşuq. Bu açıqlamalar Aİ ilə Azərbaycan münasibətlərini kölgələyə bilərmi?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı özü də bilir ki, Azərbaycanın Ermənistana qarşı hansısa bir hərbi iddiası yoxdur. Ümumiyyətlə, Azərbaycan Ermənistanla hansısa yeni bir müharibəyə başlamaq niyyətində deyil. Sadəcə olaraq bu gün Ermənistan əraziləri Avropa İttifaqına peşkəş edilib və Paşinyanın “sorosçu” komandası vasitəsi ilə Ermənistan ərazilərində Avropa İttifaqının “mülki müşahidə missiyası” adı altında xüsusi işlər görülməyə çalışılır. Ermənistan ərazilərində bir plasdarm yaratmağa çalışırlar. Təəssüflər olsun ki, bütün bu məsələlərdə konkret olaraq Azərbaycanın maraqları tapdalanır. Politoloq vurğulayıb ki, bu gün Avropa ittifaqının müxtəlif yetkililərinin Azərbaycanla bağlı səsləndirdiyi fikirlər erməni lobbisi tərəfindən uydurulmuş hansısa dezinformasiyalara söykənir və bu məsələlərdə Avropa İttifaqının müxtəlif yetkililərinin dilindən səslənir.

Tural İsmayılov 
Tural İsmayılov

“Jozef Borrel, ara-sıra hansısa cəfəng iddialarla çıxış edir. İndi görürük ki, Piter Stano da, ermənilərin uydurduğu hansısa yalanlardan danışır”-deyən politoloq hesab edir ki, bu çıxışlar Azərbaycanla Avropa İttifaqı arasında dərin uçurum yarada bilməyəcək. Çünki faktiki olaraq, bu gün Azərbaycanın Avropa İttifaqından heç bir asılılığı yoxdur. Hazırda Avropa İttifaqı Azərbaycanın yardımına ehtiyac duyur.

“Bu gün Avropa İttifaqının Rusiyadan enerji məhsullarında asılılığı mövcuddur və təəssüflər olsun ki, bunu nəzərə almayan şəxslər vəziyyətin daha da gərginləşməsinə çalışırlar və bu gün Avropa İttifaqının daxilindəki müəyyən qüvvələr Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamaqla, Azərbaycan və Türkiyəyə qarşı demarş nümayiş etdirdiklərini düşünürlər”-deyə Tural İsmayılov əlavə edib.скачать dle 12.1